SOCAR-ın ən mühüm fəaliyyət istiqamətlərindən birini neft-kimya məhsullarının istehsalı və satışı təşkil edir. Şirkətin mühüm struktur vahidlərindən olan “Azərikimya” İstehsalat Birliyinin (İB) Etilen-Polietilen Zavodu ölkəmizin neft-kimya sənayesində böyük paya sahibdir.
Ölkəmizdə kimya sənayesinin tarixi, əvvəllər “Ozer” adlanan, sonralar Sumqayıt Səthi Aktiv Maddələr Zavodu kimi tanınan ilk kimya müəssisənin birinci dəfə məhsul verdiyi tarixdən - 1945-ci ildən başlayır. O dövrün ən böyük neft-kimya müəssisəsi sayılan Sumqayıt Sintetik Kauçuk Zavodunun əsası isə 1950-ci ildə qoyulub. 1980-83-cü illərdə Cənubi Qafqazda ilk dəfə olaraq dənəvər superfosfat gübrələri istehsal edən yüksək məhsuldarlığa malik yeni texnoloji kompleks - Superfosfat Zavodu tikilib istifadəyə verilib.
Ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində “EP-300” qurğusunun inşasına başlanılıb və bu unikal qurğu 1988-ci ildə istismara verilib. Yeni texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına başlanılıb. Bu kompleksin əsas xammalı Bakı Neft Emalı Zavodunun (indiki Heydər Əliyev adına NEZ) karbohidrogen məhsulları idi. “EP-300” kompleksinin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polimir-120” qurğusunun da inşası məhz Heydər Əliyevin dəstəyi ilə mümkün olub. Avadanlığı Almaniya və o vaxtki Çexoslovakiyadan gətirilən, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsullarının – polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan verib. 1994-cü ildə isə “EP-300” və “Polimir-120” qurğularının əsasında Etilen-Polietilen Zavodu yaradılıb. Etilen-Polietilen zavodunda modernizasiya və yenidənqurma layihələrinin icrasına başlanılanadək faktiki istehsal gücləri etilenə görə - 100-120 min ton/il, propilenə görə isə 90-100 min ton/il təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən, 2016-cı ildən etibarən “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun “EP-300” qurğusunda modernizasiya və yenidənqurma işlərinə start verilib. Modernizasiya və rekonstruksiya işlərinin icrası uğurla yerinə yetirilərək nəticədə illik istehsal həcmləri etilen üçün 190 min tona, propilen üçün isə 187 min tona çatdırılıb.
Zavodun tərkibinə müasir texnologiyalı “EP-300” istehsalatı, “Polimir-120” istehsalatları və BEEİ (buxar və elektrik enerjisi istehsalatı) daxildir. İstehsalatların reqlament normalarına uyğun enerjidaşıyıcılarla tam təmin olunması üçün 2013-cü ildən yeni Azot-oksigen və Su Soyutma qurğuları istifadəyə verilib.
“EP-300“ qurğusunda xammal kimi H.Əliyev adına NEZ-dən ilkin emal benzini, texniki butan (LPG), quru qaz fraksiyası (C1-C2) və texniki propan (PPF) fraksiyası qəbul edilir ki, onların da emalı nəticəsində əsas məhsullardan əlavə digər aralıq məhsullar da istehsal edilir. Əlavə məhsullar isə BBF (butilen-butadien fraksiyası), maye piroliz qətranı, ağır qətran, hidrogen, metan-hidrogen, etan, propan fraksiyalarıdır. Zavodun tərkibində həm də texniki və mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələri fəaliyyət göstərir. 1966-cı ildə istismara verilən bu qurğunun layihə gücü illik 25000 tondur. Ümumiyyətlə, zavodda istehsal olunan əsas məhsullar etilen, propilen, hidrogen və enerjidaşıyıcılar "SOCAR Polymer" MMC-yə nəql edilir, polietilen və digər əlavə məhsullar SOCAR-ın müəssisələrinə və ixraca göndərilir.