Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Fatmayı


“Fatmayı” neft yatağı iki sərbəst işlənmə sahəsindən – “Sianşor” və “Məhəmmədli” sahələrindən ibarət olub Bakı şəhərindən şimal-şərqdə Fatmayı, Məhəmmədli, Digah və Novxanı kəndlərinin ərazisində yerləşir. Ərazidə Sianşor gölü və Güllütəpə palçıq vulkanı yerləşir. Tektonik cəhətdən “Fatmayı” yatağının tağ hissəsi yuyulmuş braxiantiklinal quruluşa malik olub, uzunluğu 9 km, eni 1.5-2 km-ə bərabərdir.

Yatağın “Sianşor” sahəsi Bakı şəhərindən 13 km şimalda yerləşir. Tektonik cəhətdən monoklinal quruluşa malik “Sianşor” sahəsi 1973-cü ildən işlənməyə cəlb olunub və 106 quyu qazılıb. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, bu quyulardan 645,8 min ton neft, 37.4 milyon m³ qaz hasil edilib. İstismar quyu fondundakı 44 quyudan 35-i işləkdir.

“Məhəmmədli” sahəsi “Fatmayı” qırışığının şimal-şərq qanadının kiçik bir hissəsini təşkil edir. Ərazidə 1949-cu ildə quyu qazılsa da, texniki səbəblərə görə ləğv edilib. Tektonik cəhətdən monoklinal quruluşa malik bu sahə işlənməyə 1978-ci ildə daxil edilib. İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək “Məhəmmədli” sahəsində 50 quyu qazılıb və 262 min ton neft, 6.7 milyon m³ qaz çıxarılıb. Sahə üzrə istismar fondunda 36 quyu var, bundan 33 quyu işləkdir.

Yataq “Binagadi Oil Company” Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azen Oil Company B.V.” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasındakı Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş”ə əsasən operator qismində fəaliyyət göstərir. Saziş 01 sentyabr 2005-ci il tarixindən qüvvəyə minib.