Təməli 1978-ci ildə qoyulan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) əsas məhsulu dənizdə neft və qaz yataqlarının işlənməsi üçün dərin özüllərdir. Zavod dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması ilə məşğuldur.
1984-cü ildən başlayaraq Heydər Əliyev adına BDÖZ-ün stapellərində 200 metrədək olan dərinlik üçün stasionar dəniz platformalarının tikintisi həyata keçirilir. Burada ilk stasionar dəniz özülü 1985-ci ildə quraşdırılaraq suya salınıb. Bu, 6 saylı Stasionar Dəniz Platformasının (SDP) birinci dayaq bloku idi. 1986-cı ildə bu platformanın ikinci dayaq bloku da tikilərək dənizdə quraşdırılıb. Elə həmin il zavod layihə gücünə çatdırılıb.
1992-ci ildə, ilk dəfə olaraq, bp şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə müqavilə BDÖZ-də uğurla həyata keçirilib. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində zavod fəal iştirak edir. “Əsrin müqaviləsi” imzalanana qədər isə BDÖZ-də dənizin 100 metrdən 163 metrədək dərinliyində istismar olunan 11 SDP tikilərək suya salınıb.
BDÖZ SOCAR-ın tabeçiliyində olan dövlət müəssisəsi kimi, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanına və SOCAR-ın 31 mart 2003-cü il tarixli 258 saylı Əmrinə əsasən, “Şelflayihətikinti” İB ləğv edilərək onun bazasında yaradılıb. Zavoda 2004-cü ildə Ümummilli Lider Heydər Əliyevin adı verilib. Həmin il BDÖZ-də Ulu Öndərin abidəsinin təntənəli açılışı olub, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib.
2001-ci ildə “BOS Şelf” MMC adlı birgə müəssisə təsis edilib. SOCAR-ın 14 sentyabr 2012-ci il tarixli 196s nömrəli “Əmlakın icarəyə verilməsi haqqında” Sərəncamı ilə zavodunun balansında olan bina və qurğular “BOS ŞELF” MMC-yə icarəyə verilib. 2022-ci ildə icarə müqaviləsi növbəti 10 il müddətinə uzadılıb.
Zavod “bp” (Böyük Britaniya), “MacShelf" (ABŞ-Azərbaycan BM), “Petrofak” (ABŞ), “Caspian Shipyard Company LTD” (Sinqapur), “Siemens” (Almaniya), “Rozetti” (İtaliya), “McDermott” (ABŞ), “STAR GULF” (Fransa) şirkətləri ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edib, bir sıra iri layihələr birgə icra olunub. BDÖZ “AzTransReil” MMC, “Azkompozit”, “Qaradağ Sement” ASC, “İmişli Şəkər Zavodu” və digər kənar təşkilatların sifarişlərini də uğurla həyata keçirib. 2006-2008-ci illərdə SOCAR-ın sifarişlərinə əsasən, “Abşeron bankası”, “Neft Daşları”, “Darvin bankası", “Ümid” və “Günəşli” yataqlarında müxtəlif həcmlərlə layihələr icra olunub.
Zavodun ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq eyni vaxtda 2-3 dərin özüllər bloku yığmağa imkan verir. Bakının Qaradağ rayonunda, 190,64 ha ərazidə yerləşən BDÖZ-ün sex, sahə və tikililərinin ümumi sahəsi 613 722 m²-dir, o cümlədən: istehsalat sexləri – 137 320 m²; açıq estakadalar – 181 800 m²; köməkçi sexlər – 20 882 m²; zavod anbarları – 16 720 m²; quraşdırma meydançaları - 420 000 m² təşkil edir.
Heydər Əliyev adına BDÖZ əsas məhsul olan dərin dəniz özülləri istehsal etməklə bərabər, müxtəlif markalı qaynaq çubuqlarının və daxil olan sifarişlərə əsasən qaynaq metal-konstruksiyaların hazırlanması, əsaslı tikinti və digər müvafiq podrat işlərini də yerinə yetirir. Azərbaycanda hasil olunan neftin böyük bir hissəsinin çıxarıldığı “Mərkəzi Azəri”, “Şərqi Azəri”, “Qərbi Azəri”, “Dərinsulu Günəşli” blokları və üst tikililəri, eləcə də Cənub Qaz Dəhlizinin ilk seqmentini təşkil edən "Şahdəniz" yatağında quraşdırılan platformanın dayaq blokları Heydər Əliyev adına BDÖZ-də inşa olunub.
2020-ci ilin avqust ayında “Qarabağ”, sentyabr ayında isə "Abşeron" layihələrinin Dəniz İşlərinin Başlanğıc Mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda inşa olunan dayaq bloklarının dənizə yola salınma mərasimlərində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı, biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılıb.