Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 1953-cü il iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən təsis edilib. Zavod əvvəllər Yeni Bakı neftayırma zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi və “Azərneftyanacaq” NEZ adlandırılıb. 2004-cü ilin aprelin 22-dən etibarən ümummilli lider Heydər Əliyevin adını daşıyır.
Heydər Əliyev adına NEZ-də 30 adda məhsul, əsasən mayeləşdirilmiş karbohidrogen qazı, avtomobil benzinləri, reaktiv mühərrik yanacağı, dizel yanacağı, soba mazutu, məişət soba yanacağı, neft koksu, neft-kimya müəssisələri üçün maye qaz fraksiyaları, nafta fraksiyası, quru qaz, naften turşuları, bitumlar, sənaye, turbin, transformator yağları və s. istehsal olunur. Qeyd edək ki, NEZ ölkədaxili tələbatın əsas hissəsini təmin edir.
Zavodun əsas texnoloji qurğuları xam neftin elektrik duzsuzlaşdırma, atmosfer və vakuum altında distillə edilməsi blokları olan ilkin emal qurğularıdır. Zavod xam neftin emalı üzrə ixtisaslaşmışdır və xam neftə görə illik məhsuldarlığı 7 milyon ton təşkil edir. İlkin emal qurğularından başqa zavodda təkrar emal qurğuları olan katalitik riforminq, tədrici kokslaşma, katalitik krekinq, hidrogen istehsalı, dizel hidrotəmizləmə, izomerizasiya, Metil-tret-butil efiri istehsalı, yağların kontakt üsulu ilə təmizlənməsi, turş qudronun regenerasiyası, yağların hidrotəmizlənməsi və bitum istehsalı qurğuları istismar olunur.
İlkin emal qurğuları xam neftin ilkin emal olunduğu əsas qurğular olmaqla zavodun təkrar emal qurğularını xammal ilə təmin edir. İlkin emal qurğusundan əmtəəlik məhsul kimi satışa göndərilən məhsul TC-1 markalı reaktiv mühərrik yanacağıdır.
İllik məhsuldarlığı 1 milyon ton olan Katalitik riforminq qurğusunda avtomobil benzini istehsalında əsas komponentlərdən olan sabit platformat istehsal edilir.
İllik məhsuldarlığı 1,3 milyon ton olan Tədrici kokslaşma qurğusunun məhsulları “Azərikimya” İB-nin benzin xammalının istehsalında istifadə olunan kokslaşma benzini və dizel yanacağı istehsalında istifadə olunan yüngül qazoyl məqsədli məhsullardır. Bundan başqa qurğuda əsas hissəsi ixraca göndərilən neft koksu və ağır qazoyl məhsulları istehsal olunur.
İllik məhsuldarlığı 2 milyon ton olan Katalitik krekinq qurğusu avtomobil benzininin yüksək oktanlı komponentlərinin istehsalına imkan yaradır. Bundan əlavə, qurğuda “Azərikimya” İB üçün dəyərli xammal (texniki propan, texniki butan və quru qaz) və dizel yanacağı istehsalı üçün vacib sayılan yüngül fleqma istehsal olunur.
Zavodda yenidənqurma və modernizasiya layihəsi çərçivəsində Azərbaycanda Avro-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalının təşkili istiqamətində aparılan işlər mərhələli şəkildə yekunlaşmaqdadır.
2023-cü ilin əvvəllərində NEZ-də yeni istismara verilmiş hidrogen istehsalı qurğusu zavodun hidrogen xammalına tələbatının tam qarşılanmasına imkan yaratmışdır.
İllik məhsuldarlığı 3 milyon ton olan Yeni dizel hidrotəmizləmə qurğusunun 2023-cü ilin may ayında istismara verilməsi ilə NEZ-in yenidənqurma və modernizasiya layihəsinin Dizel fazası başa çatdırılmış və Avro-5 standartının tələblərinə uyğun dizel yanacağının istehsalına start verilmişdir.
NEZ-in yenidənqurma və modernizasiya layihəsinin Benzin fazası çərçivəsində inşa olunmuş İzomerizasiya və MTBE (Metil-tret-butil-efiri) qurğularının sazlama-işəsalma işləri yekunlaşmışdır. Hazırda inşa mərhələsində olan C4 Hidrogenləşdirmə, Amin təmizləmə, Meroks və Benzin hidrotəmizləmə (PrimeG) qurğuları üzrə işlərin 2024-cü ilin 2-ci rübündə yekunlaşması gözlənilir.
NEZ-də həmçinin istehsal gücü 400 min ton olan yeni bitum istehsalı qurğusu və müxtəlif markalı sürtkü yağları istehsal edən qurğular istismardadır.
70 il ərzində Heydər Əliyev adına Neft Emalı Zavodunda 370 milyon tona yaxın xam neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda istehsal olunan neft məhsullarının 10%-i xarici ölkələrə ixrac edilir.
2003-cü ildən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodu beynəlxalq standartları tətbiq edir. NEZ ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) sertifikatlarını almış istehsalat müəssisəsidir. Həmçinin 2019-cu ilin avqust ayında bitum istehsalı üçün EN 12591: 2009 sertifikatı da müvəffəqiyyətlə əldə edilmişdir.