“Hövsan” neft yatağı Abşeron yarımadasının cənub sahilində, Bakı şəhərindən 20 km şərqdə eyni adlı qəsəbənin ərazisində, “Zığ”, “Qaraçuxur” və “Qum-dəniz” yataqlarının yaxınlığında yerləşir. “Suraxanı”, “Qaraçuxur” və “Zığ” yataqlarının sənaye əhəmiyyətli istismara daxil edilməsindən sonra 1930-cu ildə sözügedən ərazidə geoloji-geofiziki tədqiqat işlərinə başlanılıb. Bu işlər 1951-ci ilə qədər davam etdirilib. 1947-ci ildə yatağın qərb hissəsində 1308 nömrəli ilk kəşfiyyat quyusu qazılıb və 1948-ci ildə həmin quyuda qazma işləri başa çatdırılıb. Quyu Qala Lay Dəstəsindən sutkalıq 56 ton neft hasilatı ilə istismara verilib.
Dərin axtarış-kəşfiyyat və istismar quyularının qazılması ilə əldə olunan nəticələrə əsasən müəyyən olunub ki, yatağın sənaye əhəmiyyətli neft-qazlılığı məhz məhsuldar qatın Qala Lay Dəstəsi ilə bağlıdır. “Hövsan” yatağı üzrə indiyədək 90 quyu qazılıb, bunlardan 10-u qazma vaxtı, 38-i isə istismardan sonra ləğv olunub. 01 yanvar 2024-cü il tarixinə olan məlumata əsasən, yataqda 38 quyu istismar fondunda, 4 quyu isə suvurucu fonddadır. 23 quyu isə fəaliyyətsiz fonddadır. İstismar quyularının hamısı neft quyularıdır. İstismar fondunda olan quyulardan 15 quyu fəaliyyətdədir ki, həmin quyuların orta gündəlik neft hasilatı 180 ton, orta gündəlik qaz hasilatı isə 107 min m³ təşkil edir. Qeyd edək ki, “Hövsan” yatağı üzrə maksimal neft hasilatı 1957-ci ildə illik 230 min ton olaraq qeydə alınıb.
Burada hasil olunan karbohidrogenlərin tərkibində kükürd və parafinlər yoxdur, qətranlar 12%, asfalten isə 8.5% təşkil edir. İşlənmənin əvvəlindən 1 yanvar 2024-cü il tarixə yataqdan 4 milyon 372.5 min ton neft (kondensatla birlikdə), 1 milyard 618 milyon m³-dən çox qaz hasil olunub.
Hazırda yatağın işlənməsini “Absheron Operating Company Limited” həyata keçirir. “Absheron Operating Company Limited” şirkəti Azərbaycan Respublikasında “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR, “Russneft Absheron Investments Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında 3 noyabr 2006-cı il tarixində imzalanmış Sazişə əsasən operator qismində fəaliyyət göstərir. Saziş 8 oktyabr 2007-ci il tarixində qüvvəyə minib.