Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Karbamid Zavodu


Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Karbamid yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşınma baxımından etibarlı və qənaətcil məhsul hesab edilir.

Ən yüksək azot tərkibinə (46,3%) və suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidin başqa bir üstünlüyü onun həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur.

Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub. Sumqayıt şəhərində yerləşən zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

SOCAR-ın Karbamid zavodu, istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb.

Karbamid zavodu il ərzində 435 milyon m³ təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavod istismara verilənədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, hazırda bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70%-dən çox hissəsini ixrac edir. Nəticədə daha əvvəl idxal üçün sərf edilən milyonlarla valyuta vəsaiti ölkədə qalır, eyni zamanda ölkənin qeyri-neft ixrac gəlirlərini artırır.

2024-2025-ci illərdə SOCAR-ın Karbamid zavodunda bir sıra rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi nəticəsində, Zavod maksimum istehsal gücü ilə fəaliyyət göstərməklə yanaşı, hər ton karbamid üçün sərf olunan təbii qaz miqdarının azalması da təmin ediləcəkdir. Təbii qaz sərfiyyatının azalması, öz növbəsində, atmosferə atılan karbon emissiyalarının azalmasına və Zavodun ekoloji cəhətdən daha təmiz müəssisəyə çevrilməsinə gətirib çıxaracaqdır. Bütün bu proseslər yekunda əlavə dəyər yaratmaqla ölkə iqtisadiyyatına mühüm töhfə verəcəkdir.

Karbamid zavodu, eyni zamanda dünyada innovativ rəqəmsal standartları tətbiq edən şirkətlər üçün meyarlar müəyyən edən “Global Lighthouse Network” platformasına keçid üçün addımlar atmaqdadır. Rəqəmsal transformasiya layihələri çərçivəsində həyata keçirilən işlər 2025-ci ildə aparılacaq qiymətləndirmələrdən sonra Zavoda “Global Lighthouse” mükafatının verilməsini və Zavodun qabaqcıl istehsal müəssisələri sırasında yer almasını təmin edəcəkdir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

(Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunun açılış mərasimində çıxışından, 16 yanvar 2019-cu il)