“Kəlaməddin” neft yatağı Böyük Qafqaz dağ silsiləsinin cənub-qərb ətəyində, Bakı şəhərindən 142 km məsafədə, Hacıqabul dəmir yol stansiyasının şimal-qərbində yerləşir və inzibati cəhətdən Şamaxı rayonuna daxildir. “Kəlaməddin-Mişovdağ-Bəndovan” antiklinal qurşağına daxil olan yataq tektonik cəhətdən braxiantiklinal qırışıq formasındadır, çoxsaylı eninə və uzununa tipli qırılmalarla mürəkkəbləşib. Ərazidə İncəbel və Paşalı-Axtarma palçıq vulkanlarının mövcudluğu neft-qaz ehtiyatlarının olmasından xəbər verir.
Aşağı Küryanı çökəkliyində, “Kürovdağ”, “Mişovdağ”, “Qarabağlı” kimi yataqlarda neft-qazlılıq sübut olunduqdan sonra 1956-cı ildən başlayaraq onlara qonşu olan strukturlarda da axtarış-kəşfiyyat işlərinin aparılmasına qərar verilib. 1964-cü ildə “Kəlaməddin” və “Böyük Harami” sahələrində axtarış quyularının qazılmasına başlanılıb. “Kəlaməddin” sahəsində 1967-ci ildə qazılan quyu sutkalıq 4 ton neft və 1000 m³ qaz hasilatı ilə işlənməyə cəlb olunub. Yatağın struktur quruluşu olduqca mürəkkəbdir. 1986-1987-ci illərdə qazılan çoxlu sayda quyular vasitəsilə yataq haqqında məlumatlar yenidən işlənilib və müəyyən edilib ki, “Kəlaməddin” qırışığı bir-birindən kiçik yəhərlə ayrılan 2 kümbəzdən (şimal və cənub) ibarətdir və neft-qaz ehtiyatları əsasən, şimal kümbəzdə formalaşıb. Yatağın sənaye əhəmiyyətli işlənilməsinə 1980-ci ildə başlanılıb. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, işlənilmənin əvvəlindən yataqda 151 quyu qazılıb ki, onlardan 30-u kəşfiyyat quyusu olub. Bu quyulardan indiyədək 101.5 milyon m³ qaz, 1 milyon 579 min ton neft hasil edilib. 01 yanvar 2024-cü il tarixə yataq üzrə 46 quyu istismardadır, 17 quyu isə fəaliyyətsizdir. İstismar quyularından sutkada 29 ton neft, 1000 m³ qaz hasil olunur.
“Kəlaməddin” yatağının işlənilməsi “Karasu Operating Company” tərəfindən həyata keçirilir. Şirkət, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “Karasu Development Company” və SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) arasında bağlanmış 30 avqust 2000-ci il tarixli “Azərbaycan Respublikasında Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş”ə uyğun olaraq, operator qismində fəaliyyət göstərir. Saziş 12 sentyabr 2000-ci il tarixindən qüvvədədir.