Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Xıllı


“Xıllı” yatağı Bakı şəhərindən 160 km aralıda, Kür ovalığının cənub-şərq hissəsində, Şirvan şəhərindən cənub-şərqə doğru 70 km, Neftçala şəhərindən şimal-qərbə doğru 15 km məsafədə yerləşir. “Aşağı Kür” neftli-qazlı rayonuna daxil olan yatağın relyefi əsasən düzənlikdən ibarətdir və “Neftçala-Duzdağ-Dürovdağ-Babazanan” antiklinal xətti üzərində yerləşir. Yatağın tağ hissəsində 18 metr hündürlüyə malik Duzdağ palçıq vulkanı yerləşir. Yer səthində çoxlu sayda qrifonlar və palçıq pilpilələri geniş yayılıb, qaz, neft və su axınları müşahidə olunur.

Tektonik cəhətdən braxiantiklinal quruluşlu “Xıllı” sahəsində ilk axtarış-kəşfiyyat işləri 1928-ci ildə aparılıb. 1937-1940-cı illərdə ərazidə bir neçə struktur-xəritəalma quyuları qazılıb. 1941-1954-cü illərdə isə dərin kəşfiyyat qazması aparılıb. Yataq 1954-cü ildə 48 saylı quyuda sənaye əhəmiyyətli neftin alınması ilə açılıb. Quyu 1577-1578 metr intervaldan sutkalıq 60 ton neft hasilatı ilə işlənməyə cəlb edilib.

Axtarış-kəşfiyyat işlərinin ilk 15 ili ərzində qazılan quyuların 34%-i layihə dərinliyinə çatdırılmır, müxtəlif xarakterli qəzalar baş verir, mürəkkəbləşmələr olurdu. Bu səbəbdən qısa müddət ərzində təcrübə istismarında olan yataqda 1950-ci illərin sonlarında quyular konservasiya edilib. Sonralar - 1963-cü ildə quyular konservasiyadan çıxarılıb və yenidən sınaq işləri aparılıb. Yataq 1978-ci ildən işlənməyə cəlb edilib. İstismara veriləndən 01.01.2024-cü il tarixədək “Xıllı” yatağında ümumilikdə, 100 quyu qazılıb ki, bunların da 60-ı axtarış-kəşfiyyat, 40-ı isə istismar quyusudur. Həmin quyulardan 756.3 min ton neft və 76.1 milyon m³ səmt qazı hasil edilib. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, yataq üzrə istismar fondunda 34 quyu, işlək fondda 7 quyu var.

Yatağın işlənməsini “Neftechala Operating Company Ltd.” həyata keçirir. Bu əməliyyat şirkəti SOCAR, “Neftechala Investments Limited” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanmış “Azərbaycan Respublikasında Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və Muğan Monoklinalının Cənub-Qərb Qanadının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixdə qüvvəyə minib. Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşən müqavilə sahəsi 2.707,7 km² təşkil edir. Neft-qaz əməliyyatları “Neftçala” və “Xıllı” yataqlarında həyata keçirilir.