Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Kompleks Qazma İşləri Tresti


SOCAR-ın “Kompleks qazma işləri” tresti (KQİT) Azərbaycan Respublikası Prezidentinin 07 mart 2007-ci il tarixli 539 saylı fərmanı ilə yaradılmışdır. Yarandığı gündən etibarən KQİT ölkənin neft-qaz sənayesində qazma xidmətlərinin həyata keçirilməsi və bu sahədə qabaqcıl texnologiyaların tətbiqi istiqamətində mühüm fəaliyyət göstərir.

Hazırda “Kompleks qazma işləri” trestinin strukturunda əsas istehsalat istiqaməti üzrə “Dəniz Qazma” və “Quru Qazma” istehsalat bölümləri, istehsalata texniki dəstək istiqaməti üzrə “Qazmaservis” istehsalat bölümü, təminat və logistika istiqaməti üzrə isə “Mərkəzi Anbar və Logistika” bölümü olmaqla, ümumilikdə dörd əsas struktur bölməsi fəaliyyət göstərir.

“Dəniz Qazma”İB

“Quru Qazma” İB

“Qazmaservis” İB

“Mərkəzi Anbar Təsərrüfatı və Logistika” Bölümü

Fəaliyyət istiqamətləri və istehsalat potensialı

KQİT-nin əsas fəaliyyət istiqaməti Xəzər dənizinin Azərbaycan sektorunda və ölkənin quru ərazilərində yerləşən neft-qaz yataqlarında axtarış-kəşfiyyat və hasilat quyularının qazılmas və quyu xidmətlərinin göstərilməsindən ibarətdir. Qazma əməliyyatlarının icrası zamanı elmi-texniki yenilikləri çoxillik sənaye təcrübəsi ilə birləşdirərək, sifarişlərin yüksək keyfiyyətlə, təhlükəsizlik tələblərinə tam riayət olunmaqla ətraf mühitə ziyan vurmadan həyata keçirilməsinə xüsusi diqqət yetirir. Müəssisənin fəaliyyətində beynəlxalq standartlara uyğun qazma texnologiyalarının tətbiqi, əməliyyatların səmərəli idarə olunması və təhlükəsizliyin təmin edilməsi əsas prioritetlərdəndir.

Fəaliyyət göstərdiyi dövr ərzində KQİT tərəfindən 2 milyon metrdən artıq qazma işləri həyata keçirilmiş və 1200-dən çox quyu sifarişçilərə təhvil verilmişdir. Bu göstəricilər müəssisənin uzunmüddətli sənaye təcrübəsinin, texniki potensialının və peşəkar komandasının mühüm nailiyyətlərindəndir.

Yerli və beynəlxalq layihələrin icrası

KQİT fəaliyyəti dövründə Azərbaycanın həm quru, həm də dəniz ərazilərində yerləşən bir sıra neft-qaz yataqlarında qazma əməliyyatlarını uğurla həyata keçirmişdir. Bu yataqlar sırasında “Neft Daşları”, “Bulla-Dəniz”, “Günəşli”, “Qərbi Abşeron”, “Pirallahı”, “Gürgan”, “Siyəzən”, “Qaradağ”, “Səngəçal-Duvannı-Xərə-Zirə” və “Kürsəngi” yataqlarını qeyd etmək olar.

Müəssisə son illərdə beynəlxalq əməkdaşlıq coğrafiyasını da genişləndirərək Türkiyə Respublikasının Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) şirkəti ilə əməkdaşlıq çərçivəsində qazma layihələrini həyata keçirmişdir.

Hazırda isə KQİT beynəlxalq fəaliyyətini daha da genişləndirərək İsrailin Mosestro Exploration Limited Partnership şirkəti ilə əməkdaşlıq çərçivəsində İsrail Respublikasında qazma əməliyyatlarının icrasına başlamışdır.

Kompleks qazma xidmətləri

KQİT həm “Turnkey”, həm də “Day Rate” müqavilə modelləri üzrə layihələrin icrası sahəsində geniş təcrübəyə malikdir. Müəssisə qazma proseslərini planlaşdırmadan başlayaraq əməliyyatların tam icrasınadək kompleks şəkildə idarə etmək imkanına malikdir.

KQİT-nin texniki və əməliyyat potensialına şaquli, horizontal və 90°-yə qədər yüksək maililik bucağına malik quyuların qazılması, qüllələrin quraşdırılması, kəmərlərin endirilməsi, quyu ağzı avadanlıqlarının quraşdırılması və sökülməsi, sementləmə, mürəkkəbləşmələrin və qazma zamanı yaranan qəzaların aradan qaldırılması kimi xidmətlər daxildir.

Müəssisənin qazma əməliyyatları üzrə texniki imkanlarının göstəricilərindən biri kimi “Qərbi Abşeron” yatağında 722 metr dərinliyədək açıq lüləyə süzgəcin endirilməsi üzrə əldə edilmiş nəticəni qeyd etmək olar.

Mürəkkəb qazma layihələrinin icrası və qabaqcıl texnologiyalardan istifadə.

KQİT-nin peşəkar və texniki potensialını nümayiş etdirən mühüm layihələrdən biri dünyada geoloji baxımdan mürəkkəb yataqlardan biri hesab olunan “Ümid” yatağının kəşfi ilə nəticələnən ilk quyunun qazılmasıdır.

Bununla yanaşı, Xəzər regionunda ilk dəfə geoloji baxımdan mürəkkəb qazma şəraitlərində tətbiq olunan qabaqcıl MPD (Managed Pressure Drilling – idarə olunan təzyiqlə qazma) texnologiyasından istifadə etməklə “Bulla-Dəniz” yatağında 91 saylı quyunun 6703 metr dərinliyədək qazılması KQİT-nin texnoloji imkanlarının və mürəkkəb qazma əməliyyatlarının idarə edilməsi üzrə təcrübəsinin mühüm nümunələrindən biridir.

Bu layihələr KQİT-nin yalnız ənənəvi qazma xidmətləri göstərən müəssisə deyil, eyni zamanda mürəkkəb geoloji şəraitlərdə qabaqcıl qazma texnologiyalarını tətbiq edə bilən ixtisaslaşmış qazma şirkəti olduğunu nümayiş etdirir.

Operativ İdarəetmə Mərkəzi və rəqəmsal transformasiya

KQİT istehsalat proseslərində olduğu kimi, idarəetmə və mühəndislik fəaliyyətində də innovativ texnologiyaların və müasir idarəetmə metodlarının tətbiqinə xüsusi əhəmiyyət verir.

Bu məqsədlə Trestdə fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi real vaxt rejimində müxtəlif istehsalat sahələrində aparılan qazma əməliyyatlarına operativ mühəndislik nəzarətinin həyata keçirilməsi, sahələrə mühəndis dəstəyinin göstərilməsi və çevik qərarvermənin təmin edilməsi məqsədilə müasir tələblərə uyğun yenidən qurulmuşdur.

Mərkəzdə çalışan mütəxəssislər dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsil almış, yüksək ixtisaslı mühəndislərdir. Mərkəz qazma əməliyyatlarının davamlı monitorinqi ilə yanaşı, KQİT daxilində istehsalat kommunikasiyalarının və məlumat mübadiləsinin inkişaf etdirilməsində də mühüm rol oynayır.

Stasionar dəniz özüllərində quraşdırılmış video-müşahidə sistemlərinin Operativ İdarəetmə Mərkəzi ilə inteqrasiyası istehsalat sahələrində baş verən proseslərin məsafədən real vaxt rejimində izlənilməsinə imkan verir.

Mərkəz tərəfindən mütəmadi olaraq istehsalat sahələri ilə canlı iclaslar və səhər operativ müşavirələri təşkil olunur. Bu yanaşma sahələrdə mövcud vəziyyətin operativ qiymətləndirilməsinə, potensial risklərin əvvəlcədən müəyyənləşdirilməsinə, texniki məsələlərin çevik həllinə və istehsalat proseslərinin daha səmərəli idarə olunmasına imkan yaradır.

Peşəkarlıq, innovasiya və gələcəyə baxış

Bu gün KQİT zəngin istehsalat təcrübəsini müasir texnologiyalar, peşəkar insan kapitalı və innovativ idarəetmə yanaşmaları ilə birləşdirərək həm Azərbaycanda, həm də beynəlxalq arenada rəqabətqabiliyyətli qazma xidmətləri göstərmək potensialına malikdir.

Müəssisənin əsas məqsədi qazma əməliyyatlarında təhlükəsizlik, keyfiyyət, səmərəlilik və innovasiya prinsiplərini daim inkişaf etdirmək, beynəlxalq standartlara uyğun xidmətlər təqdim etmək və Azərbaycan qazma sənayesinin əldə etdiyi təcrübəni beynəlxalq layihələrdə uğurla tətbiq etməkdir.

KQİT-nin 19 ildən artıq fəaliyyət tarixi ərzində formalaşmış istehsalat təcrübəsi, texniki imkanları, peşəkar kadr potensialı və qabaqcıl texnologiyaları tətbiq etmək bacarığı müəssisəni regionun mühüm qazma xidmətləri təminatçılarından biri kimi möhkəmləndirmişdir.