Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Korgöz-Qızıltəpə-Şonqar


“Korgöz-Qızıltəpə” adlanan neftli-qazlı sahə Abşeron yarımadasının cənub-qərbində, Bakı şəhərindən 20 km məsafədə, Puta dərəsində Güzdək muldası (yaylası) ilə Korgöz (Bakı Qulaqları) yüksəkliyi arasında, “Şonqar” sahəsi isə Qərbi Abşeronun orta hissəsində, Şorbulaq-Şonqar vadisinin şərq qurtaracağında yerləşir. Burada yer səthində Şonqar, Sarınca və Gülbaxt palçıq vulkanlarının konusları ucalır. Ərazidə geoloji-tədqiqat işləri XIX əsrin sonunda G.V.Abix, 1903-cü ildə D.V.Qolubyatnikov, 1913-cü ildə N.İ.Uşeykin, 1926-ci ildə isə V.A.Sulin tərəfindən aparılıb. 1931-ci ildə “Korgöz” sahəsində qazılan kəşfiyyat quyusu sutkalıq 150 ton, 1936-cı ildə “Qızıltəpə” sahəsində qazılan quyu sutkalıq 450 ton, “Şonqar” sahəsində qazılan quyu isə 358 ton hasilatla neft fontanı vurub, bununla da yatağın istismarı başlanıb.

Korgöz-Qızıltəpə-Şonqar strukturu Qərbi Abşeronda Şabandağ-Qaradağ antiklinal xəttində yerləşir. Strukturun uzunluğu V horizont üzrə 9 km, eni 860 m, hündürlüyü 650 m-dir. Yataq litoloji cəhətdən müxtəlif qalınlıqlı gillərin, qumların, əhəng daşı təbəqələrinin növbələşməsindən ibarətdir. Cənub qanadda qaz papağının mövcudluğu da müəyyənləşdirilib. Tektonik cəhətdən yataq mürəkkəb asimmetrik antiklinal quruluşlu olub, eninə istiqamətdə şərq və cənub-qərbə (“Qızıltəpə” sahəsi) doğru uzanır. Yatağın mürəkkəb tektonikasında Quşxana, Qızıltəpə və Şonqar palçıq vulkanları mühüm rol oynayır. Qırışığın oxundan keçən tektonik pozuntu yatağı iki bloka bölür. “Şonqar” sahəsinin tektonik quruluşu şimal-qərbdə uzanan dik yatımlı layların və Şonqar palçıq vulkanlarının olması ilə səciyyələnir.

“Korgöz” sahəsində neftvermə əmsalını artırmaq üçün mikrobioloji təsir üsullarından istifadə edilsə də, proses texniki və texnoloji səbəblərdən sonralar dayandırılıb.

“Korgöz-Qızıltəpə-Şonqar” yatağı 1931-ci ildən sənaye işlənməsinə daxil edilib. İndiyədək yataqda 251 quyu qazılıb, işlənmənin əvvəlindən 01.01.2024-cü il tarixinə yataqdan 1,869 milyon ton neft, 511 milyon m³ qaz hasil edilib. Yataq işlənmənin son mərhələsindədir.

“Korgöz-Qızıltəpə-Şonqar” yatağını SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ istismar edir.