“Kürdəxanı” neft yatağı Abşeron yarımadasında, “Balaxanı-Sabunçu-Ramanı” neft yatağından 8 km şimalda yerləşir. Qırışıq tektonik cəhətdən “Kürdəxanı-Maştağa-Buzovna” antiklinal qırışıqlığına daxildir və en istiqamətində şərqə doğru uzanır. “Kürdəxanı” yatağında geoloji-kəşfiyyat və axtarış işləri ilk dəfə 1914-1917-ci illərdə aparılsa da, ərazidə ilk quyu 1941-ci ildə qazılıb və sənaye əhəmiyyətli neft verib. Yataq 1950-ci ildə sənaye əhəmiyyətli işlənməyə cəlb olunub. Braxiantiklinal quruluşa malik yatağın ümumi neftlilik sahəsi 163 ha, cari neftlilik sahəsi isə 44 ha ərazini əhatə edir. İşlənmənin əvvəlindən yataqda 59 quyu qazılıb və bu quyulardan 01 yanvar 2010-cu il tarixinədək 197,41 min ton neft və 50 min m³ qaz hasil olunub. Yatağın ehtiyatları bir neçə dəfə - ilk dəfə 1941-ci ildə, sonralar isə 1955 və 2002-ci illərdə hesablanıb. Yataqdakı işlək quyular 01 yanvar 2010-cu il tarixində ləğv olunub və yatağın istismarı müvəqqəti dayandırılıb.
Yataq 01 yanvar 2012-ci il tarixindən “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının balansına verilib. Qeyd edək ki, 2010-cu ilin iyun ayında Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Azərbaycan Respublikasının Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazış” imzalanıb.