“Kürsəngi” neft yatağı Bakı şəhərindən 100 km aralıda, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində Ələt stansiyasından 30-32 km cənub-qərbdə, “Kürovdağ”, “Mişovdağ” və “Qalmaz” yataqlarının arasında yerləşir.
Sahədə struktur-axtarış işlərinə 1937-ci ildən başlanılıb. 1947-1948-ci illərdə aparılan seysmik-axtarış işləri nəticəsində burada antiklinal qırışıq müəyyən olunub. 1959-cu ildə sahədə 3 ədəd kəşfiyyat quyusu qazılsa da, layihə dərinliyinə çatdırılmayıb. 1960-cı ildə qazılan 5 saylı quyu 2896 metr dərinlikdən sutkalıq 20-25 ton neft hasilatı ilə işlənməyə cəlb olunub. Bundan sonra, qazılan 8 (55-60 ton/gün) və 6 saylı (150 ton/gün) kəşfiyyat quyuları da sənaye əhəmiyyətli neft verib. “Kürsəngi” yatağı tektonik cəhətdən şimal-qərb istiqamətində uzanan əyilmiş braxiantiklinal quruluşludur. 1961-ci ildə struktur-axtarış qazması zamanı bir sıra quyulardan sənaye əhəmiyyətli neft və qaz alınıb. 1977-ci ildə “Kürsəngi” yatağının “Kürsəngi şimal” və “Kürsəngi cənub” qırışığından ibarət olması və bir neçə neftli-qazlı horizontlar aşkar edilib. Yataqda, ümumilikdə, 495 quyu qazılıb. 1 yanvar 2024-cü il tarixə olan məlumata görə, “Kürsəngi” neft yatağında 218 quyu istismar fondundadır ki, bunlardan da 142-i işləkdir. İşlənmənin əvvəlindən – 1962-ci ildən 01 yanvar 2024-cü il tarixinədək yataqdan təxminən 13.053 milyon ton neft və kondensat, 9,8 milyard m³-dən çox qaz çıxarılıb. Yataq üzrə maksimal neft hasilatı 1970-ci ildə 485 min ton göstəricisi ilə qeydə alınıb.
Hazırda yatağın işlənilməsini “Salyan Oil Ltd.” Şirkəti həyata keçirir. "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorces" və "Delta/Hess Ltd.” şirkətləri arasında imzalanıb. Saziş 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. Noyabr 2021-ci ildə “CNPC International (Kura)” və “FAL” öz paylarını “GL Investment” şirkətinə satıblar. Bununla da, yatağın işlənməsində SOCAR və “GL Investment” pay sahib olublar. Saziş sahəsi, ümumilikdə, 450 km² sahəni əhatə edir.
27 dekabr 2023-cü ildə SOCAR, “GL Investment” MMC və “Salyanneft” MMC arasında imzalanmış üçüncü qoşmaya əsasən, Saziş 04 noyabr 2049-cu ilədək uzadılıb.