Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Lökbatan-Puta-Quşxana


“Lökbatan-Puta-Quşxana” yatağı Abşeron yarımadasının cənub-qərbində, Bakı şəhərindən 15-20 km məsafədə yerləşir. 1977-ci ilə kimi “Lökbatan-Puta-Quşxana”ya ayrı-ayrı yataqlar kimi baxılsa da, aparılan elmi-tədqiqat işləri nəticəsində strukturun Şabandağ-Qaradağ antiklinal zonasının mərkəzi hissəsində yerləşən bütöv bir braxiantiklinal olduğu müəyyən edilib. 2018-2019-cu illərdə sahənin Məhsuldar qat və altda yatan çöküntülərə görə geoloji quruluşunun dəqiqləşdirilməsi, layların kollektorluq xüsusiyyətlərinin öyrənilməsi, neft-qazlılığının proqnozlaşdırılması və axtarış-kəşfiyyat işlərinin istiqamətləndirilməsi məqsədilə 184.125 x.km (4477 f.n) həcmində 2D seysmik kəşfiyyat işləri aparılıb.

Yatağın “Lökbatan” sahəsi 1932-ci ildə kəşf edilib. İlk kəşfiyyat quyusu “Lökbatan” qırışığının cənub batımında qazılıb və neft fontanı alınıb. 1933-cü ilin may ayında qazılmış quyu gündəlik 20-22 min ton neft hasilatı ilə o dövrdə görünməmiş yüksək hasilat və təzyiqlə fontan vurub.

1938-1940-cı illər ərzində isə “Quşxana” sahəsinin neft-qazlılığı müəyyən edilib. Yataq 1978-ci ildə neft və qaz ehtiyatlarının sonuncu təkrar hesablamalarına qədər “Puta”, “Quşxana” və “Lökbatan” olaraq, ayrı-ayrı işlənmə sahələri kimi qəbul edilib. Aparılmış tədqiqat zamanı bu sahələrin vahid yataq – “Lökbatan-Puta-Quşxana” yatağı kimi qəbul olunması həm geoloji, həm də işlənmə baxımından məqsədəuyğun sayılıb.

Yatağın sənaye işlənməsinə 1927-ci ildən başlanıb. 01 yanvar 2024-cü il tarixinədək burada cəmi 1766 quyu qazılıb və 43.9 milyon ton neft, 6,817 milyard m³ qaz hasil edilib. İstismarda olan quyuların 63%-i 30 ildən çox istismar edilib.

Yatağın perspektivliyini nəzərə alaraq VIII horizontal yeni quyuların qazılması planlaşdırılır.

“Lökbatan-Puta-Quşxana” yatağını SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ istismar edir.