Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Masazır


“Masazır” neft yatağı Bakı şəhərindən 20 km şimalda, Binəqədi neftli-qazlı rayonunda yerləşir. Abşeron yarımadasının şimal qərbindəki Binəqədi neftli-qazlı rayonunda çoxlu sayda dövrü fəaliyyətdə olan palçıq vulkanları (Keçəl dağ, Zigilpiri, Keyrəki, Böyük dağ, Kiçik dağ və s.), təbii muzeyi xatırladan, yer səthinə çıxan müxtəlif stratiqrafik lay qatları, qır gölməçələri, fauna və flora qalıqları geniş yayılıb. Burada 100 ildən artıq istismarda olan “Binəqədi” yatağı və 40-90 il müddətində istismar edilən “Qırməki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Şabandağ”, “Fatmayı” (“Sianşor” və “Məhəmmədli” sahələri) yataqları yerləşir. Hazırda bu yataqlar işlənmənin son mərhələsindədir və çıxarıla bilən neft ehtiyatının böyük bir qismi (84.2%) hasil olunub. Ərazidə məhsuldar layların yatma dərinlikləri yer səthinin bir neçə metrliyindən başlayaraq 2.000 metr dərinlik intervalındadır.

Yatağın yerləşdiyi ərazidə Böyükdağ və Keyrəki palçıq vulkanları, eləcə də təbii yaranmış Masazır gölü yerləşir. “Masazır” qırışığı tektonik cəhətdən braxiantiklinal quruluşa malikdir və şimal-qərb, cənub-şərq istiqamətində uzanır. Yataq 1980-ci ildən istismara daxil edilsə də, burada neftin çıxarılması XX əsrin əvvəllərinə təsadüf edir. Hələ 1903-1920-ci illərdə sahədə əl ilə çox sayda quyular qazılıb, kustar üsulla neft çıxarılıb. Lakin həmin quyuların hasilatı aşağı olduğundan (sutkalıq 1-1,2 ton) yataq uzun müddət diqqətdən kənarda qalıb. Yalnız 1980-ci ildən başlayaraq ərazidə yeni quyular qazılıb. İstismarın əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək “Masazır” yatağında 120 quyu qazılaraq 244 min ton neft, 15 milyon m³ qaz hasil olunub. Hazırda yataq üzrə 38 istismar quyu fondundan 32-I işləkdir.

Yataq “Binagadi Oil Company” Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azen Oil Company B.V.” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasındakı Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş”ə əsasən operator qismində fəaliyyət göstərir. Saziş 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minib.