Metanol (metil spirti) - CH3OH formulu ilə göstərilən, saf, su ilə hər nisbətdə qarışa bilən, rəngsiz, tez buxarlanan, etil spirtinin iyinə oxşar iyə malik tez alışan mayedir. Kimya sənayesinin bir çox sahələrində ən çox tələb olunan xammal hesab olunur. Metanoldan neftin və qazın hasilatı, hazırlanması, nəqli proseslərində, qazma quyularında, boru kəmərlərində və yeraltı qaz anbarlarında kristal hidratların yaranmasının qarşısının alınmasında (inqibitor), həmçinin sirkə turşuları, plastik materiallar, sintetik liflər, məişət boyaları, yapışqanlar və s. məhsulların istehsalında istifadə olunur. Bunlardan başqa, metanoldan benzinlərə yüksək oktanlı əlavələr, həmçinin daxili yanma mühərrikləri üçün yanacaq kimi istifadə etmək mümkündür.
Bakının Qaradağ rayonunda yerləşən Metanol zavodu 2013-cü ildə istismara verilib və ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsalat obyekti olub. Zavodun qurulmasında Birləşmiş Krallığın "ICI" firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq edilib. Zavod 2016-cı ilin noyabr ayında SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC tərəfindən təhvil alınıb, 2018-ci ilin oktyabr ayından SOCAR-ın strukturuna daxil edilib.
Metanol zavodunun illik istehsal gücü 561 min ton, ümumi ərazisi 36,5 hektar təşkil edir.
Zavodun istehsal prosesinə xammal-qaz qarışığının hazırlanması, yüksək təzyiqli su buxarı istehsalı, xammalın su buxarının iştirakı ilə riformonqi, riforminq qazı əsasında metanolun sintezi və xam metanolun zənginləşdirilməsi bölmələri daxildir.
Zavodda təmizlik dərəcəsi 99,99% olan “A” marka texniki metanol istehsal olunur və beynəlxalq normalara əsasən təmiz metanol məhsulu hesab olunur. Məhsul beynəlxalq REACH sertifikatına malikdir ki, bu da Avropa bazarlarında məhsulun davamlı və dayanıqlı satış dinamikasını təmin edir.
Metanolun keyfiyyəti zavodun AZS ISO/IES-17025:2020 standartının tələblərinə uyğun akkreditə olunmuş Mərkəzi laboratoriyası və beynəlxalq keyfiyyət təftiş şirkəti tərəfindən mütəmadi olaraq yoxlamadan keçirilir. Metanol zavodu “ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi”, “ISO 14001:2015 Ətraf mühitin mühafizəsi idarəetmə sistemi”, “ISO 45001:2018 Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi idarəetmə sistemi” və “ISO 50001:2018 Enerji idarəetmə sistemi” beynəlxalq standartları üzrə sertifikatlaşdırılıb.
İstehsal olunan metanolun satışı SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir. Ümumi satışın 97%-dən çoxu ixraca yönəldilir və 2023-cü ildə bu göstərici 97% təşkil edib.
Zavodun yerləşmə mövqeyi istehsal olunan məhsulun səmərəli şəkildə xarici bazarlara daşınmasında əhəmiyyətli rol oynayır. İxraca göndərilən məhsul “Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ stansiyasından Gürcüstan Dəmir Yolu İdarəsinin Parto-Tskali stansiyasına, oradan isə Gürcüstanda yerləşən Kulevi dəniz limanına göndərilir. Daşınma zavoda məxsus olan 252 ədəd çənli vaqonlar vasitəsilə aparılır. Öhdəliklərin vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi üçün zavodun ərazisində hazır məhsulun saxlanılması üçün ümumi tutumu 48 min ton olan 2 ədəd rezervuar mövcuddur.
Daxili bazar satışları zamanı isə məhsul vaqon-sisternlərlə Qaradağ stansiyasından Səngəçal stansiyasına göndərilir, eyni zamanda alıcılara məxsus xüsusi yük avtomobilləri vasitəsilə daşınır. Daxili bazar üzrə məhsulun böyük hissəsi “Azneft” İstehsalat Birliyinə tədarük olunur.
Metanol zavodunda istehsalat prosesinin ekoloji cəhətdən təmiz olması, ətraf mühitə zərərli təsirlərin azaldılması məsələsi daim diqqət mərkəzində olub. Zavodda istismar olunan istehsalat və məişət-sanitar tullantı sularının təmizlənməsi qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, tullantıların çeşidlənməsi nəzarətdə saxlanılır.
Metanol zavodunda biznes prosesin təhlükəsiz idarə edilməsi, aktivlərin bütövlüyü, ətraf mühitin mühafizəsi, bütün işlərin və əməliyyatların təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsi zavod qarşısında duran ən başlıca vəzifələrdir.