“Muğan” monoklinalının cənub-qərb qanadının daxil olduğu blok Cənubi Xəzər hövzəsinin şimal-qərb tərkib hissəsinə daxil olan Aşağı Kür neftli-qazlı rayonunda yerləşir. Ərazidəki neftli-qazlı çöküntü kompleksləri dərin qatlarda yerləşdiyindən ətraflı öyrənilməyib, burada axtarış-kəşfiyyat quyuları qazılmayıb. Ona görə də, bu çöküntülər haqqında fikirlər əsasən burada geniş yayılmış palçıq vulkanlarının püskürmə materiallarına əsaslanır.
“Muğan” monoklinalının cənub-qərb qanadının daxil olduğu blok Saatlı rayonu ərazisindəki “Nəsimikənd” və “Azadkənd” strukturlarını, Sabirabad rayonu ərazisindəki “Həşimxanlı” və “Sərxanbəyli” strukturlarını, Salyan rayonu ərazisindəki “Şorsulu” strukturunu, eləcə də Biləsuvar rayonunun inzibati ərazisinə daxil olan “Muğan” strukturunun cənub hissəsini və “Orta Muğan” strukturunu əhatə edir. Strukturlarda çöl geofizikasına aid tədqiqat üsullarının, demək olar ki, hamısı görülüb, bütün seysmik işlər aparılıb. 1971-ci ildə aparılmış seysmik kəşfiyyatın nəticəsinə görə, “Şorsulu” strukturunun varlığı haqqında müəyyən təsəvvürlər yaranıb. 1972-ci ildə strukturun varlığı təsdiqini tapıb. Sahədə 4 507 metr dərinliyə 1 saylı kəşfiyyat quyusu qazılıb. Lakin quyuda gil məhlulunun udulması səbəbindən neft axını alınmayıb.
Geoloqların hesablamalarına görə, bu strukturlar üzrə balans ehtiyatları, təxminən, 101 min ton neft, 10,1 milyon m³ səmt qazı həcmində qiymətləndirilir.
Struktur “Neftçala Əməliyyat Şirkəti”nin balansındadır. “Neftechala Operating Company Ltd.” SOCAR, “Neftechala Investments Limited” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanmış “Azərbaycan Respublikasında Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixində qüvvəyə minib. Hazırda neft-qaz əməliyyatları “Neftçala” və “Xıllı” yataqlarında həyata keçirilir. 2 707,7 km² təşkil edən müqavilə sahəsi Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir.