“Muradxanlı” neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin cənub-şərq hissəsində, Bakı şəhərindən 160 km qərbdə, İmişli və Kürdəmir rayonlarının ərazisində, Kürovdağ neft yatağından 90 km şimal-qərbdə, düzənlik sahədə yerləşir. Yataqda geoloji kəşfiyyat işləri 1948-ci ildən həyata keçirilib. “Muradxanlı” qalxımı qravimaqnit və seysmik kəşfiyyat üsulları ilə 1965-ci ildə aşkar edilib və 1968-ci ildə ərazidə dərin kəşfiyyat qazma işlərinə başlanılıb. Yataq 1971-ci ildə sənaye əhəmiyyətli neft alınmaqla, 5 saylı quyudan 3.786-3.761 metr dərinlik intervalından sutkada 70 ton hasilatla istismara daxil edilib. Tektonik cəhətdən “Muradxanlı” qırışığı 4200 m-lik izohipsə nəzərən şimal-qərb və cənub-şərq istiqamətində uzanan eni 11 km, uzunluğu 15 km, hündürlüyü isə 1200 m olan braxiantiklinal qırışıqdan ibarətdir. İki uzununa qırılma ilə mürəkkəbləşmiş qırışıqlıq 3 bloka (mərkəzi; cənub-şərq; cənub-qərb) bölünür.
Muradxanlı (qırışığın cənub, cənub-şərq hissəsi)-Cəfərli qırışıqlığının geoloji quruluşunun dəqiqləşdirilməsi, geoloji kəsilişin proqnozlaşdırılması – üst Təbaşir, Eosen, Çokrak çöküntülərində kollektorların yayılma arealının dəqiqləşdirilməsi məqsədilə 2007-2008-ci illərdə 3D seysmik kəşfiyyat işləri yerinə yetirilib.
Vulkan mənşəli süxurlardan neft verən quyuların hasilatı sutkalıq 2-5 tondan 500 tona qədər çatıb. Hətta 53 və 130 saylı quyulardan sutkalıq 800-1000 ton neft hasil edilib. Hasilat yüksək olsa da, məhsuldarlıq uzun müddət sabit qalmayıb. Belə ki, yüksəkdebitli quyular adətən tez sulaşır, qum tıxacı yaranır və uzun müddətə təmirə dayanmalı olur. Lakin 1972-ci ildə qalxımın cənub-şərq batımında qazılmış 8 saylı quyu sutkalıq 77 ton neft hasilatla, fontan üsulu ilə istismara verilib. “Muradxanlı” yatağında maksimum neft hasilatı 1978-ci ildə 446 min ton həcmində olub. Yataq üzrə 01 yanvar 2024-cü il tarixinədək, ümumilikdə, 142 quyu qazılıb, bunlardan da 18 quyu işlək, 39 quyu fəaliyyətsiz, 1 quyu suvurucu, 7 quyu müşahidə quyusudur, qalan 77 quyu isə ləğv olunub. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, “Muradxanlı” yatağından indiyədək 3,033 milyon ton neft, 0.09 milyard m3 yaxın qaz hasil olunub.
Yataq SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar olunur.