Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Nanotexnologiyalar


Nanotexnologiya fundamental və tətbiqi elmlərin sahəsi olaraq, baş verən proseslərə atom və molekul səviyyəsində nəzarət etməyə və manipulyasiyanı bu səviyyədə həyata keçirməyə imkanlar yaradır. Hazırda nanotexnologiyalar kimya, yeyinti, elektronika, enerji, mühəndislik, tibb, biotexnologiya, bir sözlə, elm və texnikanın əksər sahələrini əhatə edir. Elə bir sahə və ya iqtisadi sektor yoxdur ki, orada nanotexnologiyadan istifadə olunmasın. Nanotexnologiya artıq XXI əsrin texnologiyası adını qazanmaq əzmindədir. Son 10 ildə dünya üzrə bu texnologiyanın dəyəri 16 milyard ABŞ dollarından 76 milyard ABŞ dollarına qalxıb. Nanomateriallar yüksək keyfiyyətli geyim əşyaları, qablaşdırma və daşıma avadanlıqları, inşaat materialları, möhkəm metal məmulatları, kosmetika, proqramlaşdırılmış qida məhsulları, yüksək dərəcədə aktiv bioloji və kimyəvi katalizatorlar, dərman preparatlarının daşıyıcıları kimi məhsulların istehsalında mühüm töhfə verir.

SOCAR-da 2011-ci ildən başlayaraq neft və qaz sahəsində aktual problemlərin həlli istiqamətində nanosistemlər işlənir, tədqiq edilir və istehsalata tətbiq olunur. Qalıq neftin çıxarılması, laydan gələn qumun qarşısının alınması, lay və kənar suların izolyasiyası, quyuların lift borularında və nəql sistemlərində duz çökmənin aradan qaldırılması, kəmərlərin möhkəmləndirilməsi və digər istiqamətlərdə işlənmiş nanosistemlərin mədən-sənaye miqyasında tətbiqi neftvermə əmsalının artırılmasına, işlənmə proseslərinin daha effektiv aparılmasına imkan yaradır.

Tətbiqin əvvəlindən “Azneft” İB-nin neft-qazçıxarma idarələrində (NQÇİ) və “Hasilatın pay bölgüsü” çərçivəsində fəaliyyət göstərən Əməliyyat Şirkətlərində 125 quyuda 184 nanotexnoloji tədbir həyata keçirilib, 21.000 tondan artıq əlavə neft hasil edilib. Tətbiq sahələri üzrə quyuların təmirarası müddəti artıb, quyuiçi avadanlıqların və kollektorların istismar müddəti uzanıb, boşdayanmalarla bağlı vaxt və neft itkisinin qarşısı alınıb. Aparılmış tədbirlərin iqtisadi səmərəsi təxminən 7.3 milyon AZN təşkil edib.

SOCAR-da həmçinin, ştuserlərin yeyilməyə dayanıqlığını artırmaq məqsədilə nanohissəciklərin tətbiqi üzrə tədqiqatlar aparılıb, “Azneft” İB-in Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsində daha möhkəm və aqressiv mühitin təsirinə davamlı nanostrukturlu ştuserlər hazırlanıb. Müxtəlif diametrlərdə hazırlanan bu ştuserlər NQÇİ-lərdə uğurla tətbiq edilir.

Bundan əlavə, ölkəmizdə ilk dəfə elektrik partlayışı üsuluna əsaslanan metal nanohissəciklərin istehsal texnologiyası işlənib ki, bunun əsasında işləyən qurğuda 20-100 nm (nanometr) ölçülərdə Al, Cu və Fe nanohissəcikləri ishtehsal olunur. Nanohissəciklərin SOCAR-da istehsalı bu sahədə çəkilən xərcləri azaldıb və xaricdən asılılığı aradan qaldırıb.

2020-ci ildə sənayenin müxtəlif sahələrində müvəffəqiyyətlə tətbiq edilən karbon nanoborularının neft sənayesində istifadəsinin prioritetliyi nəzərə alınaraq, modifikasiya olunmuş çoxlaylı karbon nanoboruların alınması texnologiyası işlənib, istehsal qurğusu hazırlanıb. Texnologiyanın özəlliyi modifikasiya olunmuş çoxlaylı karbon nanoboruların su mühitində həll olması və aqlomerasiya olmamasıdır ki, bu da onun uzunmüddətli dayanıqlığını təmin edir. Tədqiqat nəticələrinə görə çoxlaylı karbon nanoboru əsaslı polimer nanokompozitlərin tətbiqi neftin sıxışdırılıb çıxarılması əmsalını 0,7-yə çatdırmağa imkan verir.

Metal məmulatların korroziyaya davamlılığını artırmaq üçün işlənmiş nanostrukturlu mühafizə örtüyü texnologiyasının tətbiqilə “Azneft” İB-nin NQÇİ-lərində hasilat quyularına buraxılmış elektrik dalma nasoslarının yeyilməyə məruz qalan hissələri nanoörtüklə cilalanıb. Həmçinin SOCAR tərəfindən tam udulma ilə müşayiət olunan quyularda mürəkkəbləşmələrin qarşısının alınması məqsədilə polipropilen lif əsaslı nanosistem işlənib və sınaq-tətbiq işlərinin nəticəsi effektivliyi ilə səciyyələnib.

Neft sənayesi üçün yeni nəsil nanotexnologiyaların yaradılması, bu sahədə müasir dünya təcrübəsindən bəhrələnmək üçün SOCAR-ın Elm, texnika və nanotexnologiyalar Departamenti ilə dünyanın bir sıra qabaqcıl universitet və elmi mərkəzləri arasında əməkdaşlıq əlaqələri qurulub. Almaniya, Rusiya, İran, İtaliya, Lüksemburq və Kanadanın nanotexnologiyalar sahəsində fəaliyyət göstərən qurumları ilə Anlaşma Memorandumları və Protokollar imzalanıb və icra olunur. Qarşılıqlı əməkdaşlıq çərçivəsində nanotexnologiyaların işlənməsi və tətbiqi istiqamətində birgə elmi-analitik tədqiqatlar həyata keçirilir, nanomaterialların alınması və istehsalı üzrə araşdırmalar aparılır.

Hazırda super kiçik ölçülü nanohissəciklər və karbon nanoboru əsaslı yeni nəsil nanosistemlərin işlənməsi istiqamətində aparılan tədqiqatlar gələcəkdə nanotexnologiyaların imkanlarının və tətbiq coğrafiyasının daha da genişləndirilməsinə əsas verir.