“Neftçala” yatağı Kür ovalığının cənub-şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir. Yatağın relyefi düzənlik olub, okean səviyyəsindən 20-25 metr aşağıdır. Burada bir neçə palçıq təpəciyi var və bunların ən irisi “Kiçik Pilpilə”dir. İnzibati cəhətdən Neftçala rayonu ərazisində yerləşən bu yataq Küryanı yataqlar içərisində işlənməyə daxil olunan ilk neft-qaz yatağıdır. Tektonik cəhətdən “Neftçala” qırışığı braxiantiklinal quruluşlu olub “Dürovdağ”, “Babazanan” və “Kürovdağ” qalxımları tektonik zonasına aiddir. Qırışığın uzunluğu 13 km, eni isə 4 km-dir. Qırışıq çoxlu sayda müxtəlif istiqamətlərdə keçən qırılmalarla mürəkkəbləşib.
Hələ XIX əsrin sonlarında “Neftçala” sahəsində əl ilə qazılmış quyulardan primitiv üsullarla neft çıxarılıb. XX əsrin əvvəllərində ərazidə bir neçə kəşfiyyat quyusu qazılıb. 1926-cı ildə qazılan ilk kəşfiyyat quyusu 236 metr dərinlikdən sutkada 10 ton hasilatla neft fontanı vurub. Sonrakı illərdə qazılan quyular sulu sahəyə düşdüyü üçün 1932-1937-ci illərdə qazma işləri dayandırılıb. 1938-ci ildə yataqdan sənaye əhəmiyyətli neft alınıb, lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq kəşfiyyat işləri 1944-cü ilə kimi dayandırılıb. Müharibədən sonra yatağın mərkəzi və şimal-qərb periklinalında kəşfiyyat işləri aparılır, 1950-ci illərin ortalarında qazma işləri dayandırılsa da, 1970-ci illərin əvvəlindən bərpa edilir.
Sonuncu dəfə yatağın neft ehtiyatları 1985-ci ildə hesablanıb. “Neftçala” yatağında hasil olunan neftin tərkibindəki yüngül fraksiya 19-40% arasındadır. İstismara verilən tarixdən 01 yanvar 2024-cü il tarixədək yataqda, ümumilikdə, 922 quyu qazılıb, bu quyulardan 7 milyon 374 min ton neft, 863.6 milyon m³ səmt qazı hasil edilib. “Neftçala” yatağında maksimal hasilat 202 min ton olmaqla 1954-cü ildə qeydə alınıb. Hazırda yataqda 192 quyu işlək fonddadır.
Yatağın işlənməsini “Neftechala Operating Company Ltd.” həyata keçirir. “Neftechala Operating Company Ltd.” SOCAR, “Neftechala Investments Limited” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanmış “Azərbaycan Respublikasında Neftçala, Xıllı, Dürovdağ-Babazanan neft yataqlarının və Muğan monoklinalının cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş”ə uyğun olaraq operator qismində fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixdə qüvvəyə minib. Hazırda neft-qaz əməliyyatları “Neftçala” və “Xıllı” yataqlarında həyata keçirilir. Müqavilə sahəsi 2.707,7 km² təşkil edir və bütünlüklə Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir.