Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

“Neftqazelmitədqiqatlayihə” İnstitutu


SOCAR-da tədqiqat və inkişaf işləri əsasən "Neftqazelmitədqiqatlayihə" İnstitutunda həyata keçirilir. Bu İnstitut Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli "ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi" haqqında Fərmanının icrası ilə əlaqədar, şirkətin iki institutunun ("Elmi Tədqiqatlar" və "Neftqazlayihə") birləşməsi nəticəsində yaradılıb.

"Neftqazelmitədqiqatlayihə" İnstitutu aşkar olunmuş strukturların və neft-qaz yataqlarının geoloji-geofiziki tədqiqatı, axtarış-kəşfiyyatı, işlənməsi, mənimsənilməsi və istismarı, eləcə də neftin-qazın emalı ilə əlaqədar müxtəlif növlü layihələndirmə işlərini həyata keçirir. İnstitut, neft sənayesinin iqtisadiyyatı və idarə olunması, neft və qaz çıxarmanın inkişaf konsepsiyasının tərtib edilməsi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, karbohidrogen məhsullarının hazırlanması, saxlanılması və nəqli sahəsində təkmilləşdirmə işlərinin elmi həllini də yerinə yetirir. İnstitutda neft-qaz yataqlarının mənimsənilməsi, işlənməsi və abadlaşdırılması, quyuların qazılması və istismarı, neft-kimya və neft-qaz emalı obyektlərinin layihələndirilməsi sahəsində irihəcmli tədqiqatlar aparılır. "Neftqazelmitədqiqatlayihə" İnstitutunun tərkibində elmi-tədqiqat, layihə və konstruktor işləri ilə məşğul olan 19 laboratoriya, 50 şöbə, 1 geoloji fond və 1 mərkəzləşmiş mətbəə fəaliyyət göstərir.

Böyük elmi potensiala malik olan İnstitutda, 01.07.2022-ci il tarixinə olan məlumata görə, 2 AMEA-nın müxbir üzvü, 10 elmlər doktoru və 89 fəlsəfə doktoru çalışır. Aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti ixtira patentləri ilə təsdiq olunub. İnstitut, fəaliyyət göstərdiyi müddətdə 1200-dən çox ixtiraya imza atıb və bu ixtiraları həyata keçirib. Yüksək elmi-texniki potensial və illər boyu toplanmış zəngin təcrübə müxtəlif dağ-geoloji şəraitlərdə neft yataqlarının kompleks mənimsənilməsində mürəkkəb elmi və layihə-texniki məsələlərin müasir səviyyədə həllinə zəmanət verir.

"Neftqazelmitədqiqatlayihə" İnstitutu SOCAR-ın idarə və müəssisələri ilə yanaşı kənar təşkilatların sifarişlərini də yerinə yetirir. İnstitutun son uğurlarına nümunə olaraq, 2020-ci ilin iyun ayında “Qarabağ” yatağı üçün hazırlanan dayaq blokunun mühəndis hesabatları, parametrlərinin işlənilməsi və hesablanmasını misal göstərmək mümkündür.