Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Novxanı-dəniz


“Novxanı” sahəsi “Abşeron” neftli-qazlı zonasının cənub-qərbində, Çilov adasından 25 km şimal-şərqdə yerləşir. Burada dənizin dərinliyi 100 metrdir.

Sahə ilk dəfə 1964-cü ildə seysmik tədqiqatlar nəticəsində aşkar edilib. 1975-ci ildə aparılan seysmik tədqiqatlar nəticəsində sahənin geoloji quruluşu dəqiqləşdirilib və burada struktur çıxıntısının olması müəyyənləşdirilib. 1998-ci ildə “Exxon-SOCAR” Alyansının sifarişi ilə bu sahədə yenidən üçölçülü (3D) seysmik tədqiqat işləri aparılıb və strukturun morfoloji quruluşunda müəyyən dəyişikliklər edilib. Alınan məlumatlara görə, “Novxanı” strukturu “Hamamdağ-Səbayıl” tektonik zonasının cənub-şərqində yerləşir və şimal-şərq istiqamətində uzanan antiklinal quruluşa malikdir. Qırışığın uzunluğu 24.5 km, eni isə şimal-şərqə 6.7 km, cənub-qərbə getdikcə qısalaraq 38 km təşkil edir, hündürlüyü 2 200 metrdir. Mərkəzi hissədə böyük batırılmış palçıq vulkanı yerləşir.

Sahə geofiziki-geoloji tədqiqatlar və qazma ilə öyrənilib. Strukturun hüdudlarında qazma işlərinə 1991-ci ildən başlanılıb. 1991-1994-cü illərdə sahədə 1 və 2 saylı axtarış quyuları qazılıb. 1 saylı axtarış quyusu 3 845 metr dərinliyə qazılaraq 3 565 metrdə Qala lay dəstəsini açıb. Sınaq mənimsəmə işlərində 3 551-3 556 metr intervalda sutkada 150 min m³ qaz, 18-22 ton kondensat hasil olunub. 01.01.2022-ci il tarixinə, kəşfiyyatda olan “Novxanı” yatağının qalıq çıxarılabilən ehtiyatlar neft üzrə 236 min ton neft, təxminən 2,3 milyard m³ qaz təşkil edir.

“Novxanı” sahəsi SOCAR-ın “Azneft” İB-in 28 May adına NQÇİ-nin balansındadır.