Please ensure Javascript is enabled for purposes of website accessibility

Palçıq Pilpiləsi


"Palçıq pilpiləsi” yatağı Çilov adasının qurtaracağından “Neft Daşları”na qədər böyük bir ərazini əhatə edir. Bu yatağı "Neft Daşları”nın "kiçik qardaşı” da adlandırırlar və hər iki yataq SOCAR-ın “Azneft” İB-in Neft Daşları NQÇİ tərəfindən işlənilir. “Palçıq pilpiləsi” Bakı şəhərindən 80 km şərqdə, Abşeron yarımadasının şimal-şərqində yerləşir. Yatağın bu cür adlandırılması dənizin həmin ərazilərində palçıq vulkanlarının olması ilə əlaqədardır. Burada suyun dərinliyi 10-25 metr arasında dəyişir, bəzi hissələrdə bir qədər də dərin olur. Məhsuldar qatın QaLD tavanına görə qırışığın uzunluğu 10 km, eni isə 2,5 km təşkil edir.

1954-cü ildə ƏODÜ (Əks olunan dalğa üsulu - MOV) metodu ilə birlikdə aparılan SDKÜ (sınan dalğaların koreliyasiyası üsulu - KMPV) metodu nəticəsində “Palçıq Pilpiləsi” ayrıca bir struktur kimi ayrılıb. Dərin axtarış qazmasına 1952-ci ildə başlanılıb. Strukturun CQ qanadının yuxarısında 22 saylı ilk axtarış quyusu layihə dərinliyinə çatdırılmayıb. Sonralar yataqda 20, 79, 261 və 265 saylı quyular qazılıb. 1953-cü ildə 20 nömrəli axtarış-kəşfiyyat quyusundan QaLD qaz-neft, QA-dan isə neft, 79, 261 və 265 saylı kəşfiyyat quyularından isə QaLD-dən 30-40 t/gün hasilatla neft alınıb. Yataqda qazılan kəşfiyyat quyuları arasındakı məsafə 400 m götürülüb və bu quyulardan neft-qaz alınması yatağın böyük perspektivliyini göstərib. Sonrakı axtarış-kəşfiyyat işləri nəticəsində strukturun cənub-qərb qanadı və tağ hissəsi hüdudunda sənaye əhəmiyyətli neftlilik-qazlılıq müəyyən edilib. Yataq 1963-cü ildən sənaye əhəmiyyətli işlənməyə daxil olunub.

2020-2022-ci illərdə “Həzi Aslanov-Palçıq Pilpiləsi-Neft Daşları” sahələrini əhatə edən 3D seysmik kəşfiyyat işləri aparılıb.

01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, yataqda ümumilikdə 348 quyu qazılıb, hazırda 112 quyu istismardadır, işlənmənin əvvəlindən yataqdan 10.459 milyon ton neft, 5.4180 min m³ su, 776 milyon m³ qaz hasil edilib. Yataqda maksimal neft hasilatı 1969-cu ildə 354 min ton həcmində olub. “Palçıq pilpiləsi” yatağında lay təzyiqini saxlamaq üçün 1964-cü ildən suyun vurulmasına başlanıb. Qeyd olunan tarixə ümumilikdə, laylara 12,754 milyon m³ su vurulub və əlavə 2,22 milyon tondan çox neft əldə olunub.

Yataqda istehsalat prosesləri estakada və dərin özüllərdən aparılır. Yatağın perspektivliyini nəzərə alaraq “Palçıq pilpiləsi” yatağının işlənməsini davam etdirmək məqsədilə 3 yeni özüllərin tikintisi və yeni quyuların qazılması planlaşdırılır.