Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Petkim


SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olmaqla yanaşı, həm də yerli sənaye sahələrinin ən mühüm xammal tədarükçülərindən biridir. 15 əsas zavod və 6 köməkçi emal müəssisəsindən ibarət kompleks ildə 3,6 milyon tonluq istehsal gücünə malikdir. İstehsal portfelində 60-dək neft-kimya məhsulu olan “Petkim” plastik, kimya, qablaşdırma, boru, boya, tikinti, kənd təsərrüfatı, avtomobil, elektrik, elektronika, toxuculuq, dərman və tibb ləvazimatları, yuyucu vasitələr, kosmetika kimi sahələri xammal ilə təmin edir. Şirkətin hədəfi yüksək keyfiyyətli neft-kimya məhsulları ilə ölkə iqtisadiyyatını daha da gücləndirmək, təkcə daxildə deyil, beynəlxalq bazarlarda da etibarlı, məsuliyyətli tədarükçü və tərəfdaş kimi lider bir markaya sahib olmaqdır.

“Petkim” 1965-ci il aprelin 3-də “Türkiye Petrolleri Anonim Ortaklığı”nın (TPAO) rəhbərliyi ilə təsis edilib və 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə fəaliyyətə başlayıb. “Petkim”in müasir texnologiyalara əsaslanan və optimal istehsal gücünə malik olan ikinci kompleksi 1985-ci ildə İzmirin Aliağa bölgəsində istismara verilib.

2008-ci il mayın 30-da “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin 51%-i hərraca çıxarılıb və 2 milyard 40 milyon dollara SOCAR tərəfindən əldə edilib. Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları fəaliyyət göstərir.

“Petkim” İstanbul Sənaye Palatası, Türkiyə İxracatçılar Məclisi, Egey bölgəsi Sənaye Palatası tərəfindən hər il açıqlanan "İlk 500 böyük sənaye qurumu", "Ən çox ixrac edən 1000 şirkət", "Egeyin ən böyük 100 sənaye qurumu" və "Ən çox ixrac edən şirkətlər" siyahılarında daim yer almaqdadır. Petkim, Egey regionu İxracatçılar Birliyinin 2023-ci ilin yekunlarına əsasən bütün sektorların qiymətləndirildiyi "İxracatın Liderləri" siyahısında birinci olub. 2023-cü ildə 557 milyon dollarlıq ixracatla təkcə kimya sektorunda deyil, bütün sektorlar arasında Egey bölgəsinin ən çox ixracat həyata keçirən şirkəti olub. Bununla yanaşı, “Petkim” Türkiyə daxili bazarında neft-kimya məhsullarına olan tələbatın təxminən 10%-ni qarşılayır.

2018-ci ilin sonunda istismara verilən "STAR" Neft Emalı Zavodu (NEZ) ilə yaradılan sinerji həm əməliyyat, həm də idarəçilik sahəsində məhsuldarlığın artmasına, layihələrin çevik icrasına töhfə verib.

"STAR" NEZ ilə yaratdığı sinerji “Petkim”ə logistika xərclərindən əldə etdiyi qənaətə əlavə olaraq, daha keyfiyyətli istehsal, əməliyyat proseslərində səmərəlilik, xammal tədarükünün təhlükəsizliyi və idarəetmə proseslərində birgə dəyər yaratmaq kimi irəliləyişlər gətirib. “Petkim”in dəyəryaradıcı proqramları və səmərəlilik layihələri satış və gəlirlərin sabit artımını təmin edib. Pandemiya dövründə "Petkim" "STAR" NEZ ilə inteqrasiya olunduğuna, əsas xammalı olan naftanı zavoddan fasiləsiz ala bildiyinə görə istehsal prosesini davamlı və səmərəli təşkil edə bilib.

"STAR" NEZ ilə inteqrasiya rəqəmsal transformasiya istiqamətində fəaliyyətlərə də güclü təkan verib. 2018-ci ildən bəri icra olunan rəqəmsallaşma layihələri, o cümlədən analitik tətbiqlər və süni intellektdən istifadə istehsal proseslərinə böyük töhfə verib. Bu müddətdə “Petkim”də Rəqəmsallaşma Departamenti yaradılıb, əməkdaşların bu sahədə təkmilləşdirilməsi üçün Rəqəmsal Akademiya layihəsinə start verilib. Yeni iş modeli ilə əməkdaşların təklifləri əsasında istehsal proseslərinin səmərəliliyi artırılıb, məlumatlara əsaslanan qərar qəbuletmə prosesləri və alqoritmlər vasitəsilə müxtəlif ssenarilərin təhlili həyata keçirilib. Uğurlu ssenarilərin tətbiqi sayəsində iş həcmi, əməliyyat və enerji səmərəliliyi, məhsulun keyfiyyəti artıb. Bütün bunların nəticəsi kimi, 2020-ci ildə “Petkim” dünyadakı innovativ və rəqəmsal tətbiq standartları üzrə şirkətlər üçün bir meyar yaradan “Global Lighthouse Network” şəbəkəsinə Türkiyədən seçilən yeganə şirkət olub. Bu nüfuzlu şəbəkə sıralarında Sənaye 4.0 texnologiyalarını öz proseslərinə ən yaxşı tətbiq edən 44 şirkəti birləşdirir.

Hazırda kompleksdə 2.300-dən çox əməkdaş birbaşa çalışır. Podratçı şirkətlərin işçiləri ilə birlikdə əməkdaşların ümumi sayı isə 5 mini ötür. “Petkim” insan və ətraf mühitə hörmət prinsipini əldə rəhbər tutaraq, əməyin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir.

Təkcə Türkiyənin deyil, Avropanın da ən əhəmiyyətli neft və kimya kompleksinə çevrilməyi hədəfləyən “Petkim” SOCAR-ın Azərbaycan və Türkiyə iqtisadiyyatına dəyər qazandıran uğurlu investisiya layihələrindən və mühüm istehsal güclərindən biridir. Bu layihə qardaş ölkələrin iqtisadiyyatına əhəmiyyətli gəlir gətirməklə yanaşı, Azərbaycanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir, habelə Türkiyə iqtisadiyyatının idxaldan asılılığını azaldır, ölkənin büdcə kəsirinin azaldılmasına, iş həcminin artırılmasına mühüm töhfə verir.