“Pirsaat” neft-qaz-kondensat yatağı Xəzər dənizinin sahilində, Bakı şəhərindən 76 km cənub-qərbdə, Ələt dəmiryolu stansiyasının 10 km-liyində yerləşir. Şimaldan “Qaradağ”, şimal-qərbdən “Qalmaz” yataqları ilə həmsərhəddir. Tektonik cəhətdən antiklinal quruluşlu “Pirsaat” yatağının uzunluğu 12 km, eni isə 3,5 km-dir.
“Pirsaat” yatağı 1932-ci ildə seysmik-kəşfiyyat işləri nəticəsində kəşf olunub. Ölçü və ehtiyatlarına görə o qədər də böyük sayılmayan yataq mürəkkəb geoloji quruluşa malikdir. 1936-cı ildə burada qazılan 27 nömrəli quyu 1252-1255 metr dərinlikdən sutkalıq 300 ton neft verib və bununla da, yatağın neft-qazlılığı müəyyən olunub. 1960-cı illərdə qazılan 86 nömrəli quyuda ilkin olaraq sutkalıq 300 ton kondensat və 800 min m³ qaz axını alınıb. Ümumiyyətlə, struktur çoxsaylı pozulmalarla mürəkkəbləşib. Kəsilişdə neft, neft-qaz və qaz-kondensat layları iştirak edir. “Pirsaat” neft-qaz-kondensat yatağının ehtiyatlarının yerləşdiyi dərinlik 315-4130 metr arasındadır.
Yatağın sənaye əhəmiyyətli işlənilməsinə 1936-cı ildən başlanılıb. II Dünya Müharibəsi illərində quyular konservasiya olunub, 1960-cı ildə yenidən istismara verilib. “Pirsaat” yatağında işlənmənin əvvəlindən, ümumilikdə, 158 quyu qazılıb. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, yatağın istismar fondunda cəmi 41 quyu var ki, bunların da 5-i neft, 1-i isə qaz quyusu olmaqla 6-ı fəaliyyətdədir. Işlənmənin əvvəlindən yataqdan 728,4 min ton neft, 1,173 mlrd kubmetr qaz hasil edilib.
Yatağın işlənilməsi “Petro-HongKong-Pirsaat” şirkəti tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasında “Pirsaat” neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş” SOCAR, “Shengli Oilfield Shengda Group Company” və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında 04 iyun 2003-cü il tarixində imzalanıb və 29 dekabr 2003-cü il tarixindən qüvvəyə minib. 2008-ci ildə “Shengli Oilfield Shengda Group Company” öz payını “Petro-HongKong Limited” şirkətinə satıb. Saziş ərazisi 38 km² sahəni əhatə edir.