Əsası 16 iyul 2013-cü ildə qoyulan “SOCAR Polymer” şirkətinin istehsal obyektlərindən biri olan polipropilen zavodu (PP) 18 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş açılış mərasimində işə salınaraq istismara verildi.
PP zavodu yüksəksıxlıqlı polietilen zavodu (YSPE) ilə birlikdə Heydər Əliyev adına Neft Emalı zavodu və “Azərikimya” İB-nin Etilen-polietilen zavodundan ibarət vahid iqtisadi dəyər zəncirinin son halqasıdır. Dəyər zənciri çərçivəsində bu müəssisələrin bir-birinə xammal təchizatçısı kimi bağlanması onların yüksək əməliyyat effektivliyini təmin edir.
“LyondellBasell”dən əldə edilmiş texnologiya əsasında işləyən PP zavodu istehsal prosesi və məhsul keyfiyyəti baxımından yüksək standartlara cavab verir. İllik istehsal gücü 184 min ton məhsul olan PP zavodunda istehsal olunan polimer markalarının yüksək keyfiyyətini və sifarişçilərin razı qalmasını təmin etmək üçün istehsalat ərazisində ən müasir avadanlıqla təchiz edilən və 24/7 rejimində müxtəlif sınaqlar keçirən laboratoriya fəaliyyət göstərir.
PP zavodunda polipropilenin homopolimer, statistik etilen-propilen birgəpolimeri və heterofazlı etilen-propilen birgəpolimeri növləri istehsal olunur.
İstehsal olunan homopolimer markalarına HB2500GP, HB3500GP, HB4500GP, HB6500GP və s. misal göstərmək olar. Homopolimerlər bir çox mobil aksesuarların və müxtəlif məişət əşyalarının istehsalında istifadə olunur. Polimer sahəsində “raffia” adı ilə tanınan HB0256FR, HB0356FR və s. markaları isə kənd təsərrüfatında və məişətdə istifadə olunan müxtəlif ölçülü polimer iplərin istehsalında istifadə olunurlar. HB2659FC və buna bənzər markalar gündəlik həyatımızda istifadə olunan xalça və tekstil məhsullarının istehsalında tətbiq olunur. PP zavodu həmçinin toxunmamış parçanın ekstruziya yolu ilə istehsalında, habelə müxtəlif növ tibbi parça maskalarının istehsalında istifadə olunan HB2662FS markasını da istehsal edir.
Polipropilenin heterofazlı blok etilen-propilen birgəpolimeri növünə aid olan CB1640MO, CB2248MO, CB3648MO, CB4848MO, CB6448MO və s. markaları müxtəlif emal sürətlərinə uyğun olan yaxşı emaledilmə xassələrinə və yaxşı sərtliyə malik qeyri-şəffaf qutuların, idman mallarının, oyuncaqların və müxtəlif təyinatlı məişət əşyalarının istehsalında istifadə olunur. Bununla yanaşı PP zavodunun istehsal etdiyi CB0900MO markası avtomobil sənayesində yüksək sərtliyə malik və zərbəyə dözümlü avtomobil hissələrinin, habelə akkumulyator korpuslarının istehsalında istifadə olunur. CB0140BM və CB0120BM markaları isə üfürməli qәliblәmә üsulu ilə müxtəlif boru, qutu, panel və profillərin istehsalında istifadə olunur. Bu məhsullar yüksәk sәrtlik, şaxtaya və zәrbәyә qarşı yaxşı dözümlülük xüsusiyyətlərinə malik olurlar.
PP zavodunda statistik etilen-propilen birgəpolimeri növünə aid olan RB3545MO, RB4545MO, RB6545MO və s. müxtəlif marka istehsal olunur. Bu markalar məişətdə istifadə olunan şəffaf və yüksək sərtliyə malik qabların və müxtəlif ölçülü konteynerlərin "incə-divarlı injeksiyon qəlibləmə” emal üsulu ilə istehsalı üçün nəzərdə tutulmuşdur.
Böyük hissəsi ixrac üçün nəzərdə tutulmuş polipropilen məhsulları yerli bazarda da kifayət qədər tələbat görür. 2024-cü ilin oktyabr ayına olan vəziyyətə görə, şirkətin PP ixrac coğrafiyasına Ukrayna, Türkiyə, Çin, Avstriya, Polşa, Bolqarıstan, Litva, Türkmənistan, Gürcüstan, Tayland, Rumıniya, Belçika, Nigeriya və Peru, o cümlədən bir sıra MDB ölkələri, ümumilikdə 18 ölkə daxil olmuşdur. Xaricə ilk satış 2018-ci ilin oktyabr ayında Türkiyə istiqamətində olmuşdur.