“Qala” (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Struktur cəhətdən şimal-qərb hissədən cənub-qərb hissəyə doğru dartılmış formada olan “Qala” yatağında ilk kəşfiyyat işləri Sorokin və Simyonoviç soyadlı tədqiqatçılar tərəfindən 1887-ci ildə aparılıb. Şeqren (1891-ci il) və D.V.Qolubyatnikov bu işi davam etdiriblər. Yataqda qazma işlərinə 1904-cü ildə başlanılıb. 1904-1917-ci illərdə “Nobel” firması tərəfindən 3 quyu, “Bekendorf” şirkəti tərəfindən 5 quyu, “Xəzər-Qaradəniz” cəmiyyəti tərəfindən “Qala gölü” sahəsində 1 kəşfiyyat quyusu qazılıb. Məhsuldar qata qazılmış bu 9 quyu müsbət nəticələnib. Buradan alınan neftlərin xüsusi çəkisi 0,750-0,800 q/sm³ olub.
Kəşfiyyatın II mərhələsi 1924-cü ilə təsadüf edir. Həmin ildə Qolubyatnikov “Qala” yatağını neftlilik baxımından “Suraxanı” yatağı ilə müqayisədə birinci hesab edib. Onun təklifi əsasında qaz çıxışları olan sahədə quyuların qazılmasına başlanılıb. 1929-cu ilə qədər “Qala” yatağında 9 quyu qazılıb. Onlardan 4-ü qaz fontanı vurmuş, biri - 13 saylı quyu isə daha çox təzyiqlə sənaye əhəmiyyətli yüksək debitlə qaz vermişdi.
Sənaye əhəmiyyətli neft yataqdan 1932-ci ildə alınıb. Həmin il 20 saylı quyuda 705-740 metr dərinlikdə neftli horizont aşkar edilib. Bu, “Qala” yatağı üzrə gündəlik 400-500 ton neft fontanı verən ilk quyu olub. 1933-cü ildə istismara daxil edilmiş növbəti quyuda 10 neftli horizont aşkar edilib. Beləliklə, “Qala” yatağının neftliliyi təsdiq olunub və yataqda istismar işlərinə başlanılıb.
Yatağın sahəsi 864 ha (7.5 km x 3.5 km), quruluşu braxiantiklinal strukturdur. Yataq üzrə maksimum hasilat - 1938-ci ildə 4,4 milyon ton səviyyəsində olub.
İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinədək yataqda 1518 quyu qazılıb, hazırda onlardan 67 quyu istismar fondundadır. Yataqdan 58,469 milyon ton neft, 9,713 milyard m³ qaz hasil olunub. Hazırda yataq işlənmənin sonuncu - IV mərhələsindədir.
14 dekabr 2021-ci il tarixində “GL International LTD” MMC ilə SOCAR arasında "Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar" Risk Xidmət Sazişi imzalanıb. Saziş Azərbaycan Respublikasının 5 aprel 2022-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Sazişin qüvvəyə mindiyi 01 iyul 2022-ci tarixindən etibarən daha əvvəl yataqların işlənməsini həyata keçirən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansındakı H.Z.Tağıyev adına NQÇİ ləğv edilib. Hazırda yataqların bərpası və işlənməsini Sazişə uyğun yaradılan “Taghiyev Operating Company” MMC əməliyyat şirkəti həyata keçirir.