“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” və “Günəşli” yataqlarından 20-25 km məsafədə, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Qalxım ərazisində dənizin dərinliyi 150-200 metr təşkil edir.
“Qarabağ” qalxımı 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. Aparılan tədqiqat işlərindən sonra sahə 1984-cü ildə dərin axtarış qazmasına hazırlanıb. 1995-ci ildə “Qarabağ” yatağının işlənilməsinə dair Hasilatın Pay bölgüsü Sazişi imzalanıb və müqavilə 1996-cı ilin fevral ayında qüvvəyə minib. Üçölçülü seysmik kəşfiyyat işləri nəticəsində strukturun geoloji quruluşu dəqiqləşdirilib. Sazişə əsasən, həmin il yaradılan “Caspian International Petroleum Company”nin idarə etdiyi konsorsium yataqda 1997-1998-ci illərdə 3 kəşfiyyat quyusu qazıb. Quyuların 2-si strukturun cənub-şərq hissəsində hər iki lay obyektinin qazla doyumlu olduğunu təsdiqləyib, bir quyu isə strukturun şimal-qərb hissəsində üst lay obyektinin (Qırməki Üstü Qumlu) neft, alt lay obyektinin (Qırməki Altı) isə qazla doyumlu olduğunu aşkar edib. 1999-cu ilin yanvarında “Caspian International Petroleum Company” İdarə Komitəsinin keçirdiyi iclas zamanı “Qarabağ” yatağının işlənilməsi iqtisadi cəhətdən səmərəsiz hesab olunub, 22 fevral 1999-cu ildə “Caspian International Petroleum Company” fəaliyyətini dayandırıb və həmin ilin aprel ayında sazişə xitam verilib.
2018-ci ilin may ayında isə “SOCAR Karabakh” (50%) və Norveçin “Equinor” (50%) şirkətləri Xəzər dənizində “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi (RXS) imzalayıblar. Saziş Milli Məclis tərəfindən 2018-ci ilin iyun ayında ratifikasiya olunub və qüvvəyə minib. Sazişə əsasən, 2019-cu ilin dekabr ayında yataqda sayca 4-cü olan qiymətləndirmə quyusunun qazılmasına başlanılıb. Quyu SOCAR-ın “Caspian Drilling Company” (CDC) şirkəti tərəfindən dənizin 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsi ilə qazılıb və 2020-ci ilin mart ayında qazma işləri başa çatdırılıb. Quyu 3.385 metr dərinlikdə yatağın neftliliyini təsdiqləyib.
Müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olan “Qarabağ”ın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Yataqda 6 neft, 2 qaz hasilatı və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. Yataq üzrə öhdəliklərin icrasını təmin etmək üçün SOCAR və “Equinor” şirkətinin iştirakı ilə “Qarabağ Birgə Əməliyyat Şirkəti” yaradılıb.
“Equinor” şirkətinin ölkəmizdəki biznes fəaliyyətinin tamamlanması qərarı nəticəsində yatağın birgə işlənməsi fəaliyyətləri dondurulmuş, birgə əməliyyat şirkəti ixtisar olunmuş və müvafiq təhvil-təslim işlərinə start verilib. 22 dekabr 2023-cü il tarixində SOCAR tərəfindən “Qarabağ” layihəsi üzrə “Equinor” şirkətinə məxsus 50% iştirak payının alınmasına dair sənədlər imzalanıb.