Aşağı Kür neftli-qazlı rayonuna daxil olan “Qarabağlı” neft yatağı Kür çayının sol sahilində, Şirvan şəhərindən 16 km cənubda, “Kürovdağ” və “Babazanan” yataqlarının arasında yerləşir. Yataq tektonik cəhətdən şimal-qərb və cənub-şərq istiqamətlərində uzanır, uzunluğu 12,5 km, eni 4,5 km olan braxiantiklinal quruluşludur.
Ərazidə axtarış-kəşfiyyat işlərinə 1933-1937-ci illərdə başlanılıb. 1957-1958-ci illərdə isə seysmik axtarış işləri aparılıb. 1959-cu ildə sahədə dərinliyi 1200 metr olan 9 nömrəli struktur-axtarış quyusu qazılıb və braxiantiklinal strukturun mövcudluğu təsdiq olunub. Bu struktur “Kürovdağ” qırışığından cənub-qərbdə olmaqla bərabər, “Babazanan” qalxımından yəhərvarı quruluşla ayrılır. 1959-cu ildən “Qarabağlı” sahəsində dərin axtarış-qazma işləri genişlənib və strukturun neftli-qazlı olması aşkar edilib. 1960-cı ildə qırışığın cənub-qərb qanadında qazılan 6 nömrəli quyu 2776-2815 metr dərinlikdə fontan vurub və sutkalıq 34 ton neft hasilatı ilə istismara verilib. “Qarabağlı” yatağının sənaye əhəmiyyətli işlənilməsinə 1960-cı ildə başlanılıb. İşlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixə qədər yataqda 312 quyu qazılıb. Yataqda 108 quyu (onlardan 76 quyu işlək, 32 quyu fəaliyyətsiz) istismardadır. 01 yanvar 2024-cü il tarixinə “Qarabağlı” yatağından 7 milyon 509 min tona yaxın neft və kondensat, 2,1 milyard m³ qaz (səmt qazı ilə birlikdə) çıxarılıb.
Hazırda yatağın işlənilməsini “Salyan Oil Ltd.” şirkəti həyata keçirir. "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" 15 dekabr 1998-ci il tarixində SOCAR, "Frontera Resorces" və "Delta/Hess Ltd.” şirkətləri arasında imzalanıb. Saziş 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. Noyabr 2021-ci ildə “CNPC International (Kura)” və “FAL” öz paylarını “GL Investment” şirkətinə satıblar. Bununla da, yatağın işlənməsində SOCAR və “GL Investment” pay sahibi olublar. Saziş sahəsi, ümumilikdə, 450 km² sahəni əhatə edir.
27 dekabr 2023-cü ildə SOCAR, “GL Investment” MMC və “Salyanneft” MMC arasında imzalanmış üçüncü qoşmaya əsasən, Saziş 04 noyabr 2049-cu ilədək uzadılıb.