“Qaraçuxur” neft yatağı Abşeron yarımadasının mərkəzi hissəsində, Bakı şəhərindən 12 km şərqdə, Xəzər dənizindən 71-165 metr yüksəklikdə yerləşir. “Suraxanı” yatağının cənub-şərq istiqamətinin davamı olan “Qaraçuxur” yatağı cənubdan “Zığ” yatağı ilə həmsərhəddir. Yatağın uzunluğu 5 km, eni isə 2,9 km-dir. Braxiantiklinal quruluşa malik yatağın ərazisi inzibati cəhətdən Suraxanı rayonuna daxildir.
“Qaraçuxur” yatağının kəsilişi həm litoloji, həm də stratiqrafik cəhətdən “Suraxanı” yatağı ilə eynilik təşkil edir. Qırışığın cənub hissəsində, Zığ gölü rayonunda qədim, basdırılmış palçıq vulkanının olması ərazinin mürəkkəbləşməsinə səbəb olub. İlk dəfə yatağın planlı surətdə axtarış və kəşfiyyatına 1927-ci ildə başlanılıb. Bir il sonra, 10 aprel 1928-ci ildə 2 nömrəli quyu gündəlik 489 ton neft hasilatı ilə fontan vurub və yatağın sənaye əhəmiyyətli işlənilməsinə başlanılıb.
“Qaraçuxur” yatağının nefti “Suraxanı” yatağının neftinə nisbətən daha yüngüldür. Yataq çoxlaylıdır və hazırda məhsuldar qatın 22 obyekti istismar olunur. Yataqda maksimal neft hasilatı (2 milyon 355 min ton) 1939-cu ildə qeydə alınıb. 01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, “Qaraçuxur” yatağından 36 milyon 495 min ton neft, 7 milyon 534 min m³ qaz çıxarılıb. İşlənmənin əvvəlindən yataqda 936 quyu qazılıb. Hazırda yataq üzrə 37 quyu fəaliyyətdədir. Bu quyulardan gündəlik neft hasilatı 40-42 ton, qaz hasilatı 1.4-1.5 min m³ təşkil edir. Yataqda hasilatın təbii düşmə tempini azaltmaq məqsədilə hər il orta hesabla 40-dan artıq geoloji-texniki tədbir həyata keçirilir.
Yatağın işlənilməsini “Surakhani Oil Operating Company S.A.” şirkəti həyata keçirir. 2005-ci ilin avqust ayının 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və “Rafi Oil FZE” (B.Ə.Ə) şirkəti arasında “Azərbaycan Respublikasının Suraxanı neft yatağının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş” imzalanıb. Sazişə əsasən, yataq 02.06.2006-cı ildən “Surakhani Oil Operating Company S.A.” şirkətinin (pay bölgüsü: Rafi Oil FZE (B.Ə.Ə) (Novatis Oil FZE) 75%, SOCAR ONŞ 25%) Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur.