Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Qaz Emalı Zavodu


Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə SOCAR-ın strukturuna daxil edilib. Zavod təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalını, təmizlənmiş təbii qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat kimi məhsulların istehsalını həyata keçirir.

Müəssisə, keçmiş SSSR-in "QİPROAZNEFT" institutu tərəfindən 1958-ci ildə layihələndirilib. Qaz Emalı Zavodunun tikintisinin birinci mərhələsi 1961-ci ildə 3 və 4 nömrəli sexlərinin istismara verilməsi ilə nəticələnib. 3 nömrəli sexdə təbii qazdan benzin ayıran qurğular istismar olunur, 4 nömrəli texnoloji sexdə qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması həyata keçirilirdi. 1963-cü ildə inşaatın 2-ci mərhələsi çərçivəsində 2 nömrəli, 1964-cü ildə isə 1 nömrəli texnoloji sexlərdə qazdan benzin ayıran qurğular tikilərək istismara verilib. Beləliklə, Qaz Emalı Zavodu ildə 4,5 milyard m³ təbii qazı emal etmək gücünə malik olub. 1986-cı ildə aparılmış yenidənqurma işləri nəticəsində zavodun təbii qazın emalı üzrə illik layihə gücü artırılaraq 6,5 milyard m³-ə çatdırılıb. Yenidənqurma prosesində bundan əlavə, zavodun yeraltı təbii qaz boruları estakada üzərinə çəkilib, yeraltı sənaye su boruları yerüstü kəmərlərlə əvəz olunub və nəhayət, iki qaz-ölçü qovşağı yaradılıb. 2003-2004-cü illərdə zavodda qazın “yüksək təzyiqli çıxışı” və qazın “ümumi çıxışı” adlandırılan ölçü qovşaqları istismara verilib. 2009-cu ildə isə qazın “ümumi çıxışı” ölçü qovşağında daha bir əlavə xətt tikilərək istehsalata buraxılıb.

1994-cü ildə qazdan benzini ayıran bəzi qurğuların istismarının dayandırılması illik emal gücünün aşağı düşməsinə gətirib çıxarmışdı. Bunun aradan qaldırılması məqsədi ilə zavodun 1, 2 və 3 saylı texnoloji sexlərində böyük həcmli əsaslı təmir işləri görülmüş, qazın və xaric olan quru qazın sərfiyyat həcminin ölçülməsi üçün müasir tipli cihazlar, əmtəə və aralıq-əmtəə parklarında müasir tipli “Optiflex 1300” səviyyəölçən cihazları, 7 saylı qurğuda isə avtomatik idarəetmə sistemi quraşdırılmışdı.

Hazırda müəssisədə 8 istehsalat və xidmət sahəsi, mərkəzi laboratoriya və mərkəzi anbar fəaliyyət göstərir.

Təbii qaz həm məişətdə, həm də sənayedə istifadə olunmaqla yanaşı, ondan müxtəlif məhsullar da əldə edilir. Bütün hallarda təbii qaz ilkin emal mərhələsindən keçir. Hətta məişət məqsədi daşıyan qaz da magistral qaz kəmərinə buraxılmazdan əvvəl qurudulur və təmizlənir. Bundan əlavə, emal olunmuş qaz həm də qaz mühərriki ilə işləyən avtomobillər üçün yanacaq kimi istifadə olunur. İstilik elektrik stansiyaları qazı yanacaq kimi istifadə edərək, enerjisini elektrik enerjisinə çevirirlər. Bundan başqa, təbii qazın ilkin fiziki emalı nəticəsində reaktiv və dizel yanacağı, eləcə də qazanxana yanacağı əldə etmək mümkündür. Sənayedə isə təbii qaz bir çox məhsulların (məsələn, plastik məhsullar) ilkin xammalı kimi geniş istifadə olunur. Təbii qaz eyni zamanda azot gübrələrinin əsas xammalıdır. Hətta, təbii qazı mayeləşdirilimiş hala gətirmək üçün belə onun ilkin fiziki emala məruz qalması labüddür.