Qazma
SOCAR-ın istismar etdiyi yataqlarda qazma işləri şirkətin Kompleks Qazma İşləri Tresti (KQİT), “SOCAR AQŞ” MMC və “Gulf Drilling Supply FZE“ şirkətləri tərəfindən həyata keçirilir. 2024-cü ildən etibarən qazma podratçılarının sırasına Azərbaycanda yeni fəaliyyətə başlamış “Glolynx Azərbaycan” MMC də daxil edilib.
KQİT SOCAR-ın tərkibində 2007-ci ildə yaradılıb. Trest, dəniz və quruda yerləşən yataqlarda dayaz, orta dərinlikli və dərin quyuların qazılmasını həyata keçirir. Ötən illər ərzində KQİT tərəfindən həm sadə, həm də mürəkkəb geoloji struktura malik yüzlərlə quyu qazılaraq istismara verilib və hasilat dinamikasının azalmasının qarşısının alınmasında böyük rol oynayıb.
KQİT mobil və stasionar qazma qurğuları ilə son üç ildə 150,000 metrə yaxın qazma işləri yerinə yetirib, qazma işlərinə həm yerli, həm də beynəlxalq subpodratçı şirkətləri cəlb etməklə quyuların hədəf koordinatlarına qazılmasına, mürəkkəbləşmələrin təhlükəsiz və operativ şəkildə aradan qaldırılmasına müvəffəq olub. Qazma zamanı yeni texnika və texnologiyanın tətbiqi diqqət mərkəzində olub, yeni nəsil qazma məhlullarından istifadə genişləndirilib.
Ötən illər ərzində Bakı arxipelaqındakı yataqlar arasında ən mürəkkəb geoloji struktura malik olan “Bulla-dəniz” yatağında yerləşən 122 saylı özüldəki quyularda 6000 m-dən çox dərinliyə qazma işləri aparılaraq yüksək hasilat əldə edilib, eyni zamanda, 12 saylı özüldən 91 saylı kəşfiyyat quyusu uğurla qazılaraq layların neft-qazlılığı qiymətləndirilib.
Böyük neft ehtiyatına malik olan “Günəşli” yatağında, fəaliyyətsiz fondda olan, texniki səbəblərdən istismar edilməyən quyuların “canlandırılması” fonunda da KQİT tərəfindən bərpa işləri aparılmaqdadır. Belə ki, yatağın müxtəlif özüllərində yan lülə ilə quyuların qazılması və hasilata qaytarılması üçün tədbirlər planı həyata keçirilir. 2023-cü ilin sonunda 10 saylı özüldə 341 saylı quyunun əsas lüləsindən istifadə etməklə 341a saylı yan lülə quyusunun qazılmasına başlanıb. 2024-cü ildə KQİT tərəfindən quyunun uğurla başa çatdırılması və daha bir neçə quyunun qazılıb təhvil verilməsi hədəflənir.
01 yanvar 2024-cü il tarixinə əsasən, KQİT həmçinin “Neft Daşları” yatağında 11, “Qalmaz” yatağında 5, “Pirallahı” yatağında 13, “Darvin Bankası” yatağında 1, “Sədan” yatağında 9, “Bibiheybət” yatağında 8, “Günəşli” yatağında 2, “Zağlı Zeyvə” yatağında 2 quyunun qazılmasını həyata keçirib, quyularda baş vermiş bütün geoloji mürəkkəbləşmələr təhlükəsiz və uğurlu şəkildə aradan qaldırılıb.
KQİT SOCAR-ın müəssisəsi kimi 2022-ci ildən Türkiyə layihələrinə start verib. Qazma podratçısı kimi TPAO şirkətinin sifarişi ilə 4 ədəd kəşfiyyat quyusunda qazma işlərini uğurla həyata keçirib.
“SOCAR AQŞ” MMC 2007-ci ildə SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis olunub. Sonradan müəssisənin səhmdarları və onların iştirak payları dəyişib. Hazırda əsas səhmdar “Nobel Energy” şirkətinin daxil olduğu “NEQSOL Holding”dir. “SOCAR AQŞ” MMC Xəzər dənizində dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla-dəniz” yataqlarında qazma işlərini həyata keçirir. Müəssisə, həmçinin Türkiyədə “Duz gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində 40 quyu tikintisi layihəsini uğurla icra edib.
Şirkət tərəfindən “Günəşli” yatağında 7 saylı özüldə əvvəlcə iki, hazırda isə bir qazma qurğusu ilə qazma işləri davam etdirilir. Eyni zamanda, özüldə quyuların təmir olunmasına da MMC-nin həm mühəndis-texniki heyəti, həm də qurğu və avadanlıqları cəlb olunur. “SOCAR AQŞ” MMC həmçinin “Günəşli” yatağında 8 saylı özüldə hasilatın artırılması istiqamətində yan lülə ilə quyuların qazılmasında iştirak edir. Belə ki, 2023-cü ildə 132 saylı quyunun əsas lüləsindən istifadə etməklə 132a saylı yan lülə quyusu qazılaraq istismara təhvil verilib.
“SOCAR AQŞ” MMC “Bulla-dəniz” yatağında da uğurlu qazma işlərini həyata keçirir. 2021-2022-ci illərdə 6 saylı özüldə 117 saylı quyunun qazılmasında ilk dəfə olaraq qazma və genişləndirmə əməliyyatlarının eyni zamanda aparılması ilə vaxta və resurslara qənaət edilib. 2023-cü ilin sonlarında eyni özüldən qazmaya başlanmış 118 saylı quyuda da əməliyyatlar uğurla davam etdirilir və 2024-cü ilin sonlarında quyunun gündəlik 500000 m3 qaz və 100 ton kondensat hasilatı ilə təhvil verilməsi hədəflənir. Şirkət tərəfindən həmçinin yeni istifadəyə verilmiş 18 saylı özüldə ilkin olaraq 92 saylı axtarış quyusunun da qazılmasına başlanıb. Quyunun 2024-cü ilin sonlarında təhvil verilməsi proqnozlaşdırılır.
SOCAR-ın sifarişi əsasında qazma işləri aparan daha bir şirkət də “Gulf Drilling Supply FZE“ şirkətidir. Fəaliyyətinə 2007-ci il sentyabr ayından başlayan şirkət əsasən quruda yerləşən yataqlarda, Xəzərətrafı regionlarda müasir texnologiyaya əsaslanaraq neft, qaz və su quyularının qazılması və əsaslı təmiri xidmətlərinin göstərilməsi, quyuların sınağı, sementlənməsi, karotaj, maili qazma ilə məşğul olur. "Azneft" İB və “Gulf Drilling Supply FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında qazma işlərinə dair müqavilə 31 oktyabr 2017-ci il tarixində imzalanıb. Müqavilə imzalandığı tarixdən indiyədək Şirkət “ZJ-20” və “ZJ-30” mobil qazma qurğularının ən son texnoloji yeniliklərindən istifadə edərək “Buzovna-Maştağa” yatağı və “Qalmaz” sahəsində qazma işləri həyata keçirib. 2023-cü ildə şirkət həmçinin Qalmaz yatağında yan lülə ilə qazma işləri də həyata keçirib və yüksək hasilatla quyuları istismara təhvil verib.
“Glolynx Azərbaycan” MMC şirkəti 2023-cü ildə “Azneft” İB-nin sifarişi ilə “Bibiheybət” yatağında yeni quyuların qazılması üzrə keçirilmiş tenderdə qalib gələrək 2024-cü ildən etibarən qazma podratçıları sırasına daxil edilib. İlkin mərhələdə şirkət iki qazma qurğusu ilə “Bibiheybət” yatağında 1900 m orta dərinlikli quyuların qazılmasını həyata keçirəcək.