Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Qərbi Abşeron


“Qərbi Abşeron” yatağı Xəzər dənizi akvatoriyasında, Abşeron yarımadasından 40 km, Şoulan burnundan 25 km şimalda, Abşeron arxipelaqının şimal-qərb hissəsində, Abşeron-Türkmənbaşı antiklinal zonasının şimal antiklinal xəttində yerləşir. Qurudan uzaqda yerləşməsinə baxmayaraq, “Qərbi Abşeron” sahəsində dənizin dərinliyi 2-25 metr arasında dəyişir. “Qərbi Abşeron” qalxımının sahəsi 20,9 km², strukturun uzunluğu 9,5 km, eni isə 3 km-dir.

“Qərbi Abşeron” sahəsinin akvatoriyası sərt iqlim və hidrometeoroloji şəraitlə xarakterizə olunur. Ərazi açıq dəniz şəraitində yerləşdiyindən və sahəni küləkdən qoruyan təbii maneələrin olmaması səbəbindən, tez-tez şimal və şimal-şərq istiqamətlərdə fırtınalı küləklər əsir. Akvatoriyada dəniz 8 bal gücündə dalğalanır, bu halda dalğanın hündürlüyü 4-8 metr ola bilir.

“Qərbi Abşeron” qalxımı 1958-1959-cu illərdə aparılan seysmik işlər nəticəsində müəyyən olunub. Qırışığın qərb hissəsində quyu qazılaraq, əldə olunan nəticələr əsasında neftliliyi təsdiq edilib. İlk dəfə 1985-ci ildə Qərbi Abşeron sahəsində 35 nömrəli axtarış quyusunda sınaq işləri zamanı sənaye əhəmiyyətli neft alınıb.

Yataqda 01 yanvar 2024-cü il tarixinə qədər, ümumilikdə, 94 quyu qazılıb. Yataqdan 1,687 milyon ton neft, 0.05 milyard m³ qaz hasil edilib. 01 yanvar 2024-cü il tarixinə yataqda 64 quyu fəaliyyət göstərir.

Yatağın qalıq çıxarıla bilən ehtiyatları nəzərə alınaraq, yeni özüllərin tikintisi və mövcud özülləri genişləndirməklə ümumilikdə yeni quyuların qazılması planlaşdırılır.

“Qərbi Abşeron” yatağı SOCAR-ın “Azneft” İB-in “Abşeronneft” NQÇİ tərəfindən istismar olunur.