“Qırməki” neft yatağı “Binəqədi” və “Fatmayı” yataqları ilə əhatə olunaraq, Bakı şəhərindən 9 km şimalda, Binəqədi neftli-qazlı rayonunda, Qırməki təpəciklərinin üzərində yerləşir. Abşeron yarımadasının şimal qərbində yerləşən Binəqədi neftli-qazlı rayonunda çoxlu sayda dövrü fəaliyyətdə olan palçıq vulkanları (Keçəl dağ, Zigilpiri, Keyrəki, Böyük dağ, Kiçik dağ və s.), təbii muzeyi xatırladan, yer səthinə çıxan müxtəlif stratiqrafik lay qatları, qır gölməçələri, fauna və flora qalıqları geniş yayılıb. Burada 100 ildən artıq istismarda olan “Binəqədi” yatağı və 40-90 il müddətində istismar edilən “Qırməki”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Şabandağ”, “Fatmayı” (“Sianşor” və “Məhəmmədli” sahələri) yataqları yerləşir. Hazırda bu yataqlar işlənmənin son mərhələsindədir və çıxarıla bilən neft ehtiyatının böyük bir qismi (84.2%) hasil olunub. Ərazidə məhsuldar layların yatma dərinlikləri yer səthinin bir neçə metrliyindən başlayaraq 2000 metr dərinlik intervalındadır.
Corat-Fatmayı-Balaxanı-Zığ tektonik xətti üzərində olan “Qırməki” strukturu tektonik cəhətdən submeridional istiqamətdə uzanan asimmetrik braxiantiklinal qırışıqdan ibarətdir. Yer səthində çoxsaylı neft çıxıntıları müşahidə edilir ki, bunlar da sahədə qır örtüklərinin yaranmasına səbəb olub. Yataq 1944-cü ildən istismara daxil edilib. Yer səthinə yaxın olan laylardan uzun illər əl ilə qazılmış dayaz quyular vasitəsilə kustar üsullarla neft hasil edilib. Ehtimal olunur ki, sahədə 1500-ə qədər əl ilə qazılmış quyu var. Lakin bu quyuların horizontlar üzrə paylanması və neft hasilatının həcminə dair dəqiq məlumatlar yoxdur. Ümumiyyətlə, “Qırməki” yatağında işlənmənin əvvəlindən 01 yanvar 2024-cü il tarixinə kimi 102 müxtəlif təyinatlı quyu qazılıb və 1 milyon 215 min ton neft, 77.6 milyon m³ qaz çıxarılıb. Yataqda maksimal neft hasilatı 49 min tonla 1964-cü ildə olub. Yataq üzrə 53 istismar quyu fondu var ki, bunlardan da 41 quyu işləkdir.
“Qırməki” neft yatağı “Binagadi Oil Company” tərəfindən istismar olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azen Oil Company B.V.” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında bağlanılmış 29 sentyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasındakı Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü barədə Saziş”ə əsasən, operator qismində fəaliyyət göstərir. Saziş 01 sentyabr 2005-ci il tarixdən qüvvəyə minib.