“Qum-dəniz” neft yatağı Bakı şəhərindən 21 km cənub-şərqdə, quru-dəniz keçid zonasında, Bakı buxtasında yerləşir. Xəzər dənizinin cənub sahili xəttinə paralel uzanan yatağın sahəsi 144 km²-dir. Tektonik cəhətdən “Fatmayı-Kürdəxanı-Suraxanı-Zığ” antiklinal zonasının cənuba doğru istiqamətlənmiş davamı olan qırışığın hüdudlarında dənizin dərinliyi 1 metrdən 15 metrə qədər dəyişir. Asimmetrik quruluşlu qırışığın uzunluğu 15 km, eni isə 6 km-dir. “Qum-dəniz” və “Bahar” yataqları eyni struktur trend boyuncadır, lakin yəhərin aşağı nöqtəsi ilə ayrılıb.
Qum-dəniz yatağında ilk 5 saylı axtarış quyusu məşhur qazma ustası Ağa Nemətulla tərəfindən 1952-ci ildə qazılıb. Aparılan sınaq işləri zamanı 3470 metr dərinlikdə quyudan sutkalıq 250 min m³ qaz və 50 ton neft hasil olunması ilə “Qum-dəniz” yatağında hasilat və qazma işlərini aparmaq üçün neft və qazçıxarma idarəsi yaradılıb, 1958-ci ildə isə Qum adasını sahillə birləşdirən süni damba tikilib. Yataq 1955-ci ildən etibarən 2000-3600 metr dərinlikdəki horizontları əhatə etməklə istismar olunur. Əvvəllər qazma işləri ayrı-ayrı özüllərdən aparılsa da, sonralar bu özüllər estakadalar vasitəsilə bir-biri ilə əlaqələndirilib. İstismarın əvvəlindən 01 yanvar 2024-cü il tarixinə qədər yataqda ümumilikdə 499 quyu qazılıb və təxminən, 29,6 milyon ton neft, 27,5 milyard m³ qaz (səmt qazı və sərbəst qaz) hasil edilib. Yataqda maksimal neft hasilatı 2 milyon 144 min ton göstərici ilə 1965-ci ildə qeydə alınıb. Hazırda istismar quyu fondunda 45 quyu var və bunların 26-sı fəaliyyətdədir.
“Qum-dəniz” yatağında “Bahar Energy Operating Company” operator qismində fəaliyyət göstərir. Bununla bağlı Hasilatın Pay Bölgüsü haqqında Saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Bahar Energy Ltd” şirkəti və SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) arasında 22 dekabr 2009-cu il tarixində imzalanıb və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 27 aprel 2010-cu il tarixində ratifikasiya edilərək 1 oktyabr 2010-cu il tarixində qüvvəyə minib.