“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş” 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib.
Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz və kondensat yataqlarından biri olan “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. 1 trilyon m³ qaz və 243 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.
“Şahdəniz” yatağı iki mərhələ üzrə işlənib. “Şahdəniz 1-ci mərhələ” (SD1) üzrə 11 quyu qazılıb, platforma, Səngəçal terminalı və Türkiyə ərazisinə uzanan 692 km uzunluğunda Cənub Qafqaz Boru Kəməri (CQBK) inşa edilib. “Şahdəniz” yatağında hasil edilən təbii qaz sualtı boru kəmərləri vasitəsilə Xəzər dənizinin sahilinə, Bakı şəhərinin cənubunda 55 km məsafədə yerləşən Səngəçal terminalına çatdırılır. Daha sonra qazın bir hissəsi Səngəçal terminalından Azərbaycanın milli qazpaylayıcı şəbəkəsinə qoşulan SOCAR-ın müvafiq boru kəmərinə ötürülür, qazın qalan hissəsi isə CQBK vasitəsilə ixrac edilir.
İlkin qaz satışları 2006-cı ildə başlayıb. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum boru kəməri istifadəyə verildikdən sonra Azərbaycan Gürcüstan və Türkiyə bazarlarına təbii qaz ixrac etməyə başlayıb. Beləliklə, Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib.
“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi və ya “Şahdəniz 2-ci mərhələ” (SD2) dünyada ən böyük və mürəkkəb qaz layihələrdən biri və Xəzər dənizində ilk sualtı infrastrukturdur. SD1 layihəsi üzrə illik 11 milyard m³-dək qaz və gündəlik 60 min barrelədək kondensat hasilat gücünə SD2 layihəsi müvafiq olaraq 16 milyard m³ qaz və 105 min barrelədək kondensat hasilat gücü əlavə edib.
19 sentyabr 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlər imzalanıb Yekun İnvestisiya Qərarı 17 dekabr 2013-cü il tarixində verilib. Türkiyə Respublikasına ilk kommersiya qazının ixracı 30 iyun 2018-ci il, Avropaya isə 31 dekabr 2020-ci il tarixində başlanıb.