Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Şəfəq-Asiman


“Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə, Səngəçal terminalından isə 145 km aralıda yerləşir. Yataq, təqribən 1 100 km² sahəni əhatə edir və həmin sahədə dənizin dərinliyi 650-800 metr təşkil edir. Ərazidəki qalxımlar ilk dəfə 1961-ci ildə aşkar olunub. 2010-cu ilin oktyabrında Bakıda SOCAR və "bp" arasında “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb və 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənib. Sazişin müddəti 30 il, tərəflərinin hər birinin iştirak payı 50% müəyyən edilib. Geoloji quruluşun və potensial kollektorların xüsusiyyətlərini müəyyənləşdirmək üçün saziş sahəsində indiyə qədər 2 seysmik tədqiqat işi aparılıb:

  • 1995-1999-cu illərdə nisbətən dərin sularda və ətraf sahələrdə aparılmış ikiölçülü (2D) seysmik tədqiqat işləri;
  • 2011-2012-ci illərdə aparılmış üçölçülü (3D) seysmik kəşfiyyat işləri.

Tədqiqatlar nəticəsində sahənin geoloji quruluşu dəqiqləşdirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb, daha sonra ilk quyunun yeri seçilərək qazma fəaliyyətləri planlaşdırılıb.

“Şəfəq-Asiman” yatağında ilk kəşfiyyat quyusunun (SAX01) qazılmasına 11 yanvar 2020-ci il tarixində başlanılıb. Quyuda qazma işləri SOCAR-ın “Caspian Drilling Company” şirkəti tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib. Quyunun qazılmasında əsas məqsəd Qirməki Üstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir. Layihə dərinliyi 7 189 metr olan quyu 2021-ci ilin mart ayında tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili həyata keçirilir.

Qeyd edək ki, layihə çərçivəsində bütün əsas xidmətlər (qazma, tikinti-quraşdırma və s.) Azərbaycan şirkətləri, xüsusilə SOCAR-ın müəssisələri tərəfindən həyata keçirilir.