Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Siyəzən monoklinalı


“Siyəzən” monoklinalı Quba-Xəzəryanı neftli-qazlı vilayətinə aid olub, Bakı şəhərindən 80 km şimal-qərbdə yerləşir. Yatağın əhatə etdiyi 1943 hektarlıq sahə cənub-şərqdə Zarat dəmir yolu stansiyasından başlayaraq Böyük Qafqaz dağlarının cənub-şərq ətəkləri boyunca, Qaraçay çaya qədər 90 km-dən çox ərazidə zolaq formasında uzanır. İnzibati cəhətdən Siyəzən, Şabran və qismən də, Quba rayonuna daxildir. Monoklinala geoloji, struktur tektonik və işlənmə cəhətdən 5 əsas sahə - “Cahandar-Zarat”, “Siyəzən-Nardaran”, “Səadan”, “Əmirxanlı” və “Zağlı-Zeyvə” neft-qaz yataqları aiddir.

“Siyəzən” monoklinalı mürəkkəb geoloji quruluşu ilə digər yataqlardan fərqlənir. Yataqda geoloji tədqiqat işləri 1928-ci ildən başlayaraq daha intensiv aparılıb. D.V.Qolubyatnikov, M.F.Mirçink, A.Q.Əliyev, S.Q.Salayev, B.M.Solomonov, R.M.Kərimov, A.M.Qurbanzadə, B.X.Əhmədov və başqa tədqiqatçılar tərəfindən ərazinin geoloji quruluşu və neft-qazlılığı dəqiqləşdirilib.

“Siyəzən” monoklinalında dərin kəşfiyyat qazması 1938-ci ildə “Cahandar-Zarat”, “Siyəzən-Nardaran” və “Səadan” sahələrində başlanılıb. 1940-cı ildə bir neçə quyuda müsbət nəticə alındıqdan sonra qazma işləri intensiv hal alıb.

1939-cu ildə “Siyəzən-Nardaran” sahəsində qazılan 2 saylı kəşfiyyat quyusu 8 ton gündəlik neft hasilatı ilə fontan vurub, bununla da, yatağın sənaye əhəmiyyətli neftliliyi müəyyən olunub.

Yatağın işlənmədə olan sahələrinin ümumi uzunluğu 55 km, eni 0,2-1 km intervalındadır.

01 yanvar 2024-cü il tarixinə işlənmənin əvvəlindən “Siyəzən” monoklinalında, ümumilikdə, 1869 quyu qazılıb, 15,467 milyon ton neft, 5,815 milyard m³ qaz hasil edilib. Yataq üzrə maksimal hasilat 1958-ci ildə olub və 482 quyudan 717 min ton neft çıxarılıb. İstismar fondunun 60%-dən çoxu 30 ildən artıq müddətdə fəaliyyət göstərir.

Ekoloji tarazlığın qorunması və ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə yataqlardan neftlə birlikdə çıxarılan lay sularını utilizasiya etmək üçün 84 uducu quyu fondu yaradılıb. Bundan başqa, “Zağlı-Zeyvə” yatağı ərazisində neftlə birlikdə hasil olunan səmt qazlarının yığılması məqsədilə yeni kompressor stansiyası quraşdırılıb. Stansiya ekoloji tarazlığa töhfə verməklə bərabər 15 ətraf kənd üzrə 1250 abonentin “mavi yanacaq”la təminatında da böyük rol oynayır. Kompressor stansiyası SOCAR və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib.

“Siyəzən” monoklinalı SOCAR-ın “Azneft” İB-in “Siyəzənneft” NQÇİ tərəfindən istismar olunur.