Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR Ar-Ge ve İnovasyon A.Ş


“SOCAR Ar-Ge ve İnovasyon A.Ş” şirkəti 2019-cu ilin dekabrında təsis edilib. 2020-ci ilin iyununda Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyindən “Ar-Ge Mərkəzi” lisenziyası alınıb və beləliklə, şirkətin layihələri qrant mexanizmləri ilə dəstəklənməyə başlanıb.

Ar-Ge və İnnovasiya Mərkəzi sifariş əsasında “Petkim” və “STAR” NEZ üçün 20-yə yaxın tədqiqat və inkişaf layihəsini icra edir. Mərkəzin fəaliyyəti “SOCAR-2035” strategiyasına uyğun olaraq 3 əsas istiqamət üzrə həyata keçirilir: texnoloji proseslərin səmərəliliyinin innovativ üsullarla artırılması, məhsul və tətbiq sahələrinin dünya bazarlarının tələblərinə uyğun davamlı inkişaf etdirilməsi, aşağı karbon emissiyası, tullantısız iqtisadiyyat və ekoloji cəhətdən təmiz istehsalatların yaradılması. Texnoloji proseslərin qabaqcıl standartlar səviyyəsində optimallaşdırılması məqsədilə rəqəmsal dünyanın yeniliklərinin istehsalata tətbiq edilməsi istiqamətində işlər görülür.

İzmirin Əliağa bölgəsində 1200 m²-lik ərazidə yerləşən Mərkəzdə reologiya, katalizator, polimer xarakteristikası, biotexnologiya, kimyəvi analiz və xromatoqrafiya üzrə xidmət göstərən 6 laboratoriya fəaliyyət göstərir. Bundan əlavə, Ar-Ge Mərkəzinə polimer emalı, polimerləşmə və katalizator test sistemlərinin həyata keçirildiyi 400 m²-lik pilot istehsalat sahəsi və ofislər də daxildir. Mərkəzdə elmi dərəcəyə malik 25 əməkdaş tədqiqat və innovasiya layihələrinə cəlb olunub. Ümumilikdə, şirkətin 12 patenti var.

Tədqiqat-İnkişaf və İnnovasiya şirkəti Türkiyənin qabaqcıl ali təhsil ocaqlarından sayılan Orta Doğu Texniki Universiteti (ODTU), Boğaziçi Universiteti, Gebze Texniki Universiteti (GTU), İzmir Yüksək Texnologiyalar İnstitutu (İYTİ), Ege Universiteti və bir çox digər təşkilatlar ilə birlikdə açıq innovasiya modelləri əsasında layihələr həyata keçirir.

ODTU ilə reallaşdırılan layihə çərçivəsində plastik tullantıların katalitik kimyəvi üsulla neft-kimya xammalına çevrilməsi üçün yenilikçi texnologiyanın yaradılması hədəflənib.

2021-ci ildə GTU-nun texnoparkında “SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” fəaliyyətə başlayıb. Universitet ilə müştərək layihələrin inkişaf etdiriləcəyi bu Mərkəzdə katalizator analizi cihazı, avtonom hava nəqliyyatı vasitələri, texnoloji proseslərə nəzarət sensorları və CO2 əsasında kimyəvi maddələrin istehsalı kimi mühüm layihələr davam etdiriləcək.

Gələcəkdə GTU, İYTİ, Sabancı və Boğaziçi Universitetləri, Bakı Ali Neft Mektebi və bir sıra beynəlxalq şirkətlərlə innovativ rəqəmsal texnologiyalar, bərpa olunan enerji, yaşıl hidrogen, bioyanacaqlar sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Mərkəz SOCAR-ın Azərbaycandakı neft-kimya və neft-emalı müəssisələrində, eləcə də qazpaylayıcı şirkətlər üçün layihələr həyata keçirəcək.

Mərkəzdə işlənib hazırlanmış yosun əsaslı biodizel texnologiyasının inkşaf etdirilməsi məqsədilə “Technip Energies” şirkəti ilə məqsədyönlü tədbirlər görülüb.

2021-ci ildə Mərkəzdə hazırlanmış katalizator qarışımının “Petkim”-in LDPE-T zavodunda tətbiq olunması istehsalın 2% artımına və CO2 emissiyasının11.000 ton/il azaldılmasına imkan verib.

1 mm-dən böyük katalizator hissəciklərinin ölçülərinə görə paylanmasını təsvirin emalı texnologiyası prinsipi ilə müəyyənləşdirən analiz cihazı hazırlanıb və “STAR” NEZ-də uğurla sınaqdan keçirilib.

Ümumiyyətlə, Mərkəzdə “STAR” NEZ üçün innovativ həllər işlənilib. Belə ki, zavodun Texnologiyaya Qabaqcıl Nəzarət Sistemində (APC) sensorların optimallaşdırılması məqsədi ilə yeni alqoritm hazırlanıb və təxminlər 25% yaxşılaşdırılıb. Zavodda həmçinin, korroziya monitorinq modeli hazırlanıb.

Tədqiqat-İnkişaf və İnnovasiya şirkəti Avropa Birliyinin (AB) 2050-ci ilə qədər karbonsuz iqtisadiyyata keçidini hədəf alan “Horizon 2020“ və “Horizon Europe” Qrant Proqramlarında fəal iştirak edir. Hazırda şirkətə Avropa Komissiyası tərəfindən 5 layihə çərçivəsində ümumilikdə 1 milyon avro vəsait ayrılıb. Beynəlxalq konsorsiumlarla birgə icra edilən bu layihələr əsasən sənayenin davamlılığı və karbonsuzlaşdırılması üçün innovativ texnologiyalar və həllərin hazırlanması məqsədi daşıyır.

2021-ci ildə Türkiyə Respublikasının və AB-nin qrant dəstəkləri, ümumilikdə, 2,7 milyon ABŞ dolları təşkil edib. Əlavə olaraq, 2022-ci ildə "Digital Twin” layihəsi üçün AB-dən 255.000 avro və 3D çap məhsulların hazırlanması çərçivəsində “SAYEM” layihəsi üçün TÜBİTAK-dan 1 milyon Türk lirəsi həcmində maddi dəstək alınacaq.