Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Suraxanı


“Suraxanı” neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə, Abşeron yarımadasının mərkəzi hissəsində, Xəzər dənizi səviyyəsindən 70-75 metr yüksəklikdə yerləşir. Tektonik baxımdan bu yataq meridional istiqamətdə uzanan asimmetrik kümbəzi xatırladır. Braxiantiklinal quruluşa malik yatağın uzunluğu 7 km, eni isə 3 km-dir. Hazırda burada 34 neftli-qazlı obyekt istismar olunur.

Suraxanı qədim dövrlərdən başlayaraq Atəşgah ziyarətgahı, yerüstü qaz çıxışları və ağ nefti ilə məşhur olub. XX əsrin əvvəllərində - 1900-cü ildə burada qazılan quyudan qaz alınıb və buna əsaslanaraq, yataq qaz mənbəyi kimi səciyyələndirilib. Lakin 1904-cü ildə 211 metr dərinliyə qazılmış quyuda neft fontan vurub və həmin quyu gündəlik 35 ton neft hasilatı ilə istismara daxil edilib. Beləliklə, böyük neft ehtiyatına malik “Suraxanı” yatağının sənaye əhəmiyyətli işlənilməsinə başlanılıb. İşlənmənin ilkin mərhələlərində yatağın üst horizontları, sonrakı mərhələlərdə isə məhsuldar qatın alt horizontları işlənməyə cəlb olunub. 1904-cü ildə Abşeron-Ağcagil mərtəbələri, 1907-ci ildə Suraxanı lay dəstəsi, 1915-1920-ci illərdə Sabunçu lay dəstəsi, 1924-1929-cu illərdə Balaxanı lay dəstəsi istismar edilib. Yatağın tavana yaxın hissələrində Suraxanı lay dəstəsindən çıxarılan neft açıq rənglidir. Yatağın kəsilişində “qırmızı neft” adlandırılan neftlər də aşkarlanıb. Ümumiyyətlə, “Suraxanı” yatağından çıxan neft nisbətən yüksək parafinli (3,8%) və az sıxlıqlı olur.

01 yanvar 2024-cü il tarixə neft ehtiyatının 94%-i artıq hasil olunub. İşlənmənin əvvəlindən yataqda 2615 quyu qazılıb və 117,5 milyon min ton neft, 10,7 milyard m³ həll olmuş qaz çıxarılıb. 01 yanvar 2024-cü il tarixinə olan məlumata əsasən, “Suraxanı” yatağının istismar quyu fonduna 396 quyu daxildir və bu quyulardan 329 quyu fəaliyyətdədir.

Yatağın işlənilməsini "Surakhani Oil Operating Company S.A." şirkəti həyata keçirir. 16 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və “Rafi Oil FZE” (B.Ə.Ə) şirkəti arasında “Azərbaycan Respublikasının Suraxanı neft yatağının daxil olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş” bağlanıb. "Suraxanı" yatağı 02 iyun 2006-cı ildən “Surakhani Oil Operating Company S.A.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur.