Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

TANAP


Trans-Anadolu qaz boru kəməri (TANAP) Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı ən uğurlu enerji layihələrindən biridir. TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdəhan bölgəsindən başlayaraq, 20 şəhər, 69 rayon və 604 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində - Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edən Trans-Adriatik qaz boru məmərinə (TAP) birləşir.

Əskişəhər və Trakyada Türkiyənin ölkədaxili təbii qazötürücü şəbəkəsinə bağlanmaq üçün iki çıxış nöqtəsi var. 1850 km uzunluğa malik olan TANAP Türkiyə ərazisində indiyədək həyata keçirilən ən uzun təbii qaz boru kəməri hesab olunur. TANAP lahiyəsinin tikintisi Faza-0 və Faza-1 hissələri üzrə həyata keçirilib. Boru kəmərinin Faza-0 mərhələsində çəkilmiş Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək olan hissəsinin diametri 56 düym, uzunluğu 1 345 km təşkil edir. Faza-1 mərhələsində çəkilən boru xəttinin isə diametri 48 düym, uzunluğu 459 km-dir. Bundan başqa, TANAP-ın ümumi uzunluğu 37,0 km təşkil edən 36 düymlük iki qoşa xətti Mərmərə dənizinin dibi ilə Çanaqqala boğazından keçir. TANAP-ın ən yüksək hissəsi Ərzincanda Qızıldağ bölgəsində (2 760 metr), ən dərin hissəsi isə Mərmərə dənizində (-65 metr) yerləşir.

Sistemə aşağıdakı yerüstü obyektlər daxildir:

  • 7 kompressor stansiyası;
  • 4 ölçü stansiyası;
  • 12 ərsinburaxma və qəbul stansiyası;
  • 49 bağlayıcı armatur stansiyası;
  • Türkiyənin ölkədaxili təbii qaz şəbəkəsini təmin etmək üçün 2 qaz çıxış stansiyası.

Hazırda TANAP-ın biri Ərdəhanın Damal ərazisində, digəri isə Əskişəhərin Seyidqazi ərazisində yerləşən 2 kompessor stansiyası fəaliyyət göstərir. TANAP-ın ötürücülüyü, nəzərdə tutulduğu kimi, maksimum 31 milyard m³ layihə gücünə çatdırıldıqda kompressor stansiyalarının sayı 7 olacaq.

Səhmdarlar:

  • "Cənub Qaz Dəhlizi" QSC – 51%
  • BOTAŞ - 30%
  • bp – 12%
  • SOCAR Turkiye Enerji A.Ş. – 7%

TANAP rəqəmlərdə

• Cəmi uzunluğu təqribən 1 850 km-dir;
• Boru kəmərinin 30%-dən çox hissəsi dəniz səviyyəsindən 2 000 metr yüksəkdə inşa edilib;
• Boru kəmərinin inşaatında, ümumilikdə, hər birinin orta uzunluğu 13 metr və ümumi çəkisi 1,3 milyon ton olan 131 620 polad borudan istifadə olunub;
• Layihə çərçivəsində 100 000 000 adam/saat əmək sərf edilib;
• Boru xəttinin keçdiyi ən yüksək nöqtə 2 760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağı olub;
• Tikinti işləri çərçivəsində 13 000 000 m³-lik qazıntı işi və 7 000-ə yaxın xüsusi keçid tikilib;
• Layihənin pik dövründə 13 000 adamın çalışdığı TANAP-da kommersiya məqsədli qaz axınına 30 iyun 2018-ci il tarixindən başlanıb;
• Türkiyədə özəl sektor tərəfindən icra edilən ən böyük sosial və ətraf mühit investisiya proqramlarından biri olan Sosial və Ətraf Mühit İnvestisiya Proqramı (SEIP) vasitəsilə TANAP marşrutu boyunca yerləşən rayon, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafı sürətləndirmə və təbiətin mühafizəsi məqsədilə 1 000-ə yaxın layihə həyata keçirilib.

TANAP layihəsinin inkişaf tarixi

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Respublikasının Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub.

2018-ci il iyunun 12-də TANAP-ın Əskişəhərə qədər olan hissəsi istismara verilib. Əskişəhərdə keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev TANAP-ı Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü adlandırıb.

TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard m³ Azərbaycan qazının 6 milyard m³-i Türkiyədə qalacaq, 10 milyard m³-i isə Avropaya çatdırılacaq. Boru kəmərinin ötürmə gücü əlavə sərmayələr nəticəsində 31 milyard m³-ə yüksəldilə bilər.

30 iyun 2018-ci il tarixindən etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlayıb. 1 iyul 2019-cu il tarixindən etibarən Avropaya qaz axını üçün tam hazır vəziyyətə gətirilən TANAP, tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrə malik beynəlxalq təbii qaz boru kəməri kimi daxil olub.

2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP MS4 Ölçü Stansiyasında TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Boru kəməri Türkiyənin bölgədəki strateji əhəmiyyətini artırmaqla yanaşı, ölkənin təbii qaz tələbatının 10%-dən çoxunu təmin edir və təchizat şaxələndirilməsində mühüm rol oynayır.

TANAP boru təminatı, tikinti və mühəndislik kimi sahələrdə də Türkiyə iqtisadiyyatına böyük töhfələr verib. Boru kəmərinin keçdiyi bölgələrdə yerli əhaliyə dəstək göstərilməsi məqsədilə bir sıra sosial tədbirlər həyata keçirib. Korporativ Sosial Məsuliyyət prinsipinə uyğun olaraq, ətraf mühit, səhiyyə, heyvandarlıq və təhsil kimi sahələrdə çox əhəmiyyətli investisiyalar reallaşdırılıb.

TANAP layihəsinin icrası çərçivəsində həyata keçirilən ekoloji fəaliyyət nəticəsində əvvəllər elmə məlum olmayan yeni 9 fauna və 1 flora növü müəyyən edilib.

Ətraf Mühit və Sosial Təsiri Qiymətləndirmə fəaliyyəti çərçivəsində aparılan arxeoloji tədqiqatlar nəticəsində Türkiyənin mədəni inventarına 106 naməlum arxeoloji sahə daxil edilib. İnşaat prosesi zamanı kəşf edilən sahələr sayəsində sonradan bu rəqəm 154-ə yüksəlib. Müxtəlif muzeylərlə birgə 25 arxeoloji qazıntı işi aparılaraq 1000-dən çox arxeoloji əsər aidiyyatı üzrə təhvil verilib.

TANAP layihəsi regionun inkişafı, rifahı və firavanlığı baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında yeni mərhələ açan bu layihə, eyni zamanda, qlobal enerji təhlükəsizliyinin təminatında, regional əməkdaşlığın genişləndirilməsində, qaz ixracı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır.