Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

TAP


Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur.

Texniki göstəricilər

TAP-ın Yunanıstan ərazisindən keçən hissəsinin uzunluğu 551.5 km-dir. Bu, kəmərin ən uzun hissəsidir və Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayaraq, Albaniya ilə sərhəddə Leropigi kəndinin cənub-qərbində sona çatır. Kəmərin bu hissəsinə, həmçinin Kipoi və Serres yaxınlığında yerləşən 2 kompressor stansiyası daxildir. Kipoidəki birinci stansiya 10 milyard m³-lik qazın nəqli üçün inşa edilib və istismara verilib. Serresdəki stansiyanın tikilməsi isə kəmərin ötürücülük qabiliyyəti 20 milyard m³-ə qədər çatıdırılması üçün planlaşdırılır.

TAP boru kəmərinin Albaniyadan keçən hissəsinin uzunluğu quruda 215 km, Adriatik dənizinin Albaniya sektorunda isə 37 km-dir. TAP-ın Albaniya-Yunanıstan sərhədi yaxınlığındakı Bilişt kəndində bir ölçü stansiyası, Albaniyanın Fier bölgəsində, sahildən 400 metr aralıda isə bir kompressor stansiyası inşa olunub. Boru kəməri Fierdən 17 km şimal-qərbdə Adriatik sahilinə çatır.

2014-cü ildə “Total” və “E.ON” şirkətləri layihəni tərk etdikdən, 2015-ci ilin dekabrında İtaliyanın “Snam” şirkəti “Statoil”-un (indiki "Equinor") layihədəki 20% payını aldıqdan sonra və 2023-cü ilin iyul ayında "Axpo" şirkətinin TAP layihəsində payını "Fluxys" və "Enagas" şirkətlərinə satışından sonra hazırda TAP-ın səhmdarları bunlardır:

  • bp - 20%
  • SOCAR (CQD) - 20%
  • Snam S.p.A. - 20%
  • Fluxys -20%
  • Enagás -20%

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2019-cu ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb, kəmərin Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasındakı 2 km-lik hissəsinə təbii qaz qəbul edilib. TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatdırılıb. Noyabrın 15-də kəmər İtaliyanın qazpaylayıcı şəbəkəsinə birləşdirildikdən sonra, dekabrın 31-də Azərbaycandan Avropaya kommersiya məqsədli ilk qaz həcmlərinin nəqlinə başlanılıb.