Please ensure Javascript is enabled for purposes of website accessibility

Tərsdəllər


“Tərsdəllər” yatağı Kür və Qabırrı (İori) çayları arasında, inzibati cəhətdən Şəmkir rayonu ərazisində, “Ceyrançöl” sinklinoriumda yerləşir. Regional tektonikası və stratiqrafik elementlərinə görə “Tərsdəllər” qırışığı Kür və Qabırrı çaylararası neftli-qazlı rayonuna daxildir.

Yatağın quruluşu və tektonikası haqqında məlumatlar başlıca olaraq seysmik-kəşfiyyat işləri, eyni zamanda qazılan dərin quyular vasitəsilə əldə olunub. Qafqaz regionunda ən iri struktur elementlərdən biri olan Kür çökəkliyinin tektonik xüsusiyyətləri barədə ilk məlumatlar XX əsrin 30-cu illərində P.Renqarten, D.Arxangelsk, M.Qubkin tərəfindən verilib. Bu çökəkliyin dərinlik geoloji quruluşunu, struktur-tektonik xüsusiyyətlərini daha dəqiq öyrənmək məqsədilə 1927-ci ildən başlayaraq burada geofiziki tədqiqatlar aparılıb və 1949-cu ildə Kür-Qabırrı çayları arasında lokal anomaliyalar aşkarlanıb. 1991 və 2010-cu ildə ərazidə seysmik kəşfiyyat işləri aparılıb. Əldə olunmuş materiallar əsasında ərazidə çökmə süxurların daha böyük qalınlığa malik olduğu təsdiqlənib və daha dərin qatların neft-qazlılıq baxımından öyrənilməsi zərurəti ortaya çıxıb. “Tərsdəllər” qalxımı iki meridianla yaxın istiqamətli tektonik qırılma ilə üç əsas bloka ayrılıb. Sahənin şərqindən keçən qırılma regional qırılmadır. Qalxım cənub-şərq istiqamətli çıxıntı şəklindədir. Qalxımın şimal periklinalı daha davamiyyətlidir. Qalxımın neftli bloku olan mərkəzi blokun 3300 m izohipsi bazis olmaqla, tektonik ekranlaşmış tələnin ölçüləri 5.5×1.5 km-dir.

“Tərsdəllər” yatağında 1 nömrəli axtarış quyusu 1983-cü ilin sentyabr ayında sutkalıq 250-300 ton neft hasilatı ilə istismara verilib. Hasil olunan neftin tərkibində qətran 10,67%, parafin 0,8%, kükürd isə 0,147%-dir. Neft az kükürdlü hesab olunur. Yataqda 01 yanvar 2024-cü il tarixinədək 27 quyu qazılıb, 149.9 min ton neft çıxarılıb.

Yataq SOCAR-ın “Azneft” İB-in Ə.Əmirov adına NQÇİ tərəfindən istismar olunur.