“Türkan-dəniz” qalxımı Abşeron neftli-qazlı rayonunun şərqi düzənlik hissəsində, Bakı şəhərindən cənub-şərqdə, Abşeron yarımadasının cənub sahilyanı hissəsində yerləşir. Burada dənizin dərinliyi 5 metrə yaxındır. “Türkan” yatağında istismar işləri aparılmır və kəşfiyyatda olan yataqlar kateqoriyasına aiddir.
Qalxım 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. Geotektonik cəhətdən qalxım Abşeron arxipelaqına daxil olub, “Qala-Türkan” qırışığının uzaq dəniz periklinalı ərazisində yerləşir.
“Türkan” sahəsində 1946-1967-ci illərdə qazılmış 22 dərin axtarış-kəşfiyyat quyusundan yalnız 2-də sənaye əhəmiyyətli neft alınıb. Bunlardan biri 1950-1954-cü illərdə, digəri isə 1955-1960-cı illərdə istismarda olub. İstismar olunduğu illərdə yataqdan 47,7 min tondan çox neft hasil olunub. “Türkan” sahəsində qazılmış digər axtarış-kəşfiyyat quyuları müxtəlif səbəblərdən ləğv olunub. Yataq üzrə açılmış horizontların neft-qazlılğı hələ də tam öyrənilməyib.
1960-cı illərdən sonra uzun müddət sahədə geoloji-geofiziki tədqiqat işi və axtarış-kəşfiyyat qazması aparılmayıb. 2000-ci illərdən başlayaraq “Azneft” İB-in sifarişi ilə aparılmış seysmik tədqiqat işləri nəticəsində “Türkan” sahəsinin geoloji quruluşunun və neft-qazlılığının öyrənilməsi istiqamətində müsbət nəticələr alınıb. Əldə olunan nəticələrə söykənərək, “Türkan” sahəsində Qala lay dəstəsi çöküntülərinin neft-qazlılığını öyrənmək üçün 3 800 metr layihə dərinliyi olan axtarış quyusu qazılıb. 1,3 il davam edən qazma prosesində süxur nümunələri götürülüb, lakin yataq işlənməyə daxil edilməyib.