Əsası 16 iyul 2013-cü ildə qoyulan “SOCAR Polymer” şirkətinin istehsal obyektlərindən biri olan yüksəksıxlıqlı polietilen zavodu (YSPE) 18 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş açılış mərasimində işə salınaraq istismara verildi.
YSPE zavodu polipropilen zavodu (PP) ilə birlikdə Heydər Əliyev adına Neft Emalı zavodu və “Azərikimya” İB-nin Etilen-polietilen zavodundan ibarət vahid iqtisadi dəyər zəncirinin son halqasıdır. Dəyər zənciri çərçivəsində bu müəssisələrin bir-birinə xammal təchizatçısı kimi bağlanması onların yüksək əməliyyat effektivliyini təmin edir.
“INEOS”dan əldə edilmiş texnologiya əsasında işləyən YSPE zavodu istehsal prosesi və məhsul keyfiyyəti baxımından yüksək standartlara cavab verir. İllik istehsal gücü 120 min ton məhsul olan YSPE zavodunda istehsal olunan malların yüksək keyfiyyətini və sifarişçilərin razı qalmasını təmin etmək üçün istehsalat ərazisində ən müasir avadanlıqla təchiz edilən və 24/7 rejimində müxtəlif sınaqlar keçirən laboratoriya fəaliyyət göstərir.
YSPE zavodu hər il bazar tələbatından asılı olaraq illik istehsal planına daxil edilən təxminən 15-dən çox çeşid yüksəksıxlıqlı polietilen istehsal edir. Müxtəlif YSPE çeşidləri ekstruziya, üfurmə-şişirmə, injeksiyon qәliblәmә və s. emal üsulları ilə müxtəlif təyinat məhsullarının istehsalında istifadə olunur. Məsələn, qara birləşməli (carbon black) HM0359PE markası yüksək sərtliyə malik və ətraf mühitin təsirinə dözümlü olduğu üçün təzyiqli su, qaz və sənaye borularının istehsalında istifadə olunur və PE100 dünya standartının tələblərinə cavab verir.
Zavodun istehsal etdiyi daha bir məhsul - təbii növ (natural) HM0349PE markası - təzyiqli boruların istehsalı üçün nəzərdə tutulur. Bundan əlavə, YSPE zavodu qazlı və ya qazsız suların qablaşdırılmasında, habelə qeyri-qida sənayəsində istifadə olunan müxtəlif ölçülü qapaq və tıxacların istehsal tələblərinə cavab verən HD0856MO, HD1556MO, HD2556MO HD4056MO, HD9056MO və s. markalı YSPE istehsal edir. HL1050BF markası gündəlik tələbata malik polietilen paketlərin, habelə istixanaların qurulmasında istifadə olunan izolyasiya materiallarının və s. məhsulların istehsalında tətbiq olunur. HD0358BM markası kimya sənayesində, әksәr mәişәt məhsullarının istehsalında, habelə müxtəlif yağların, qida vә әczaçılıq mәhsullarının qablaşdırılması üçün 30 litrə qədər həcmi olan, yüksək sərtliyə malik konteynerlərin istehsalında istifadə olunur.
2019-2024 illər ərzində şirkətin YSPE ixracının coğrafiyasına Türkiyə, Çin, Avstriya, Polşa, Bolqarıstan, Ukrayna, Gürcüstan, Litva və Hollandiya, o cümlədən bir sıra MDB ölkələri, ümumilikdə 14 ölkə daxil olmuşdur.