Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Zəfər-Məşəl


“Zəfər-Məşəl” strukturu Abşeron arxipelaqının dərinsulu hissəsində, Bakı şəhərindən 130 km cənub-şərqdə açıq dənizdə yerləşir. Dənizin dərinliyi 650-700 metr, strukturun sahəsi isə 643 km²-dir. Strukturda kondensat ehtiyatının 40 milyon ton, qaz ehtiyatının isə 300 milyard m³ olduğu ehtimal edilir.

“Zəfər” qalxımı 1960-1961-ci illərdə regional seysmik kəşfyyatın əks olunan dalğa üsulu ilə açılıb. “Məşəl” qalxımı isə 1985-ci ildə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

“Xəzər dənizinin Azərbaycan sektorunda Zəfər-Məşəl dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında Saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “ExxonMobil” şirkəti (SOCAR 50%, ExxonMobil 30%, Conoco Philips 20%) arasında 27 aprel 1999-cu il tarixində imzalanıb və 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Sazişə əsasən, “ExxonMobil” şirkəti tərəfindən “Zəfər-Məşəl” blokunda üçölçülü (3D) seysmik ölçü işləri yerinə yetirilib. 2003-cü ildə strukturda ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Quyunun qazıldığı yerdə suyun dərinliyi 618 metr olub. Quyu “Lider” üzən yarımdalma qurğusundan istifadə edilməklə Danimarkanın “Maersk Contractors” şirkəti tərəfindən qazılıb. Qazma zamanı 7 087 metr dərinlikdə 50 milyard m³-ə yaxın qaz ehtiyatları ehtimal olunan kiçik məhsuldar lay açılıb. 21.11.2006-cı il tarixində Sazişə xitam verilib. Gələcəkdə “Zəfər–Məşəl” strukturunda yeni işlərin aparılması nəzərdə tutulur.