Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Zığ


“Zığ” yatağı Bakıdan şərqdə, “Suraxanı” neft yatağından 3 km cənubda, Abşeron yarımadasının cənub-şərq, Zığ kəndinin dənizkənarı hissəsində yerləşir. “Zığ” qırışığının tağ hissəsi Zığ gölü yaxınlığındadır və burada basdırılmış palçıq vulkanı onun quruluşunu xeyli mürəkkəbləşdirib.

Eyni tektonik zonada yerləşən “Suraxanı” və “Qaraçuxur” yataqlarının işlənməsi, axtarış-kəşfiyyat işlərinin cənub və cənub-şərq istiqamətində davam etdirilməsinə əsas verib. Ərazidə ilk geoloji-kəşfiyyat işlərinə 1930-cu ildə 1 saylı axtarış quyusunun qazılması ilə başlanıb. 1935-ci ilə kimi sahədə 25 quyu qazılsa da, əhəmiyyətli nəticə əldə edilməyib. “Zığ” yatağı sənaye əhəmiyyətli işlənməyə 1935-ci ildən daxil olub. 12 saylı quyu sutkalıq 86 ton neft hasilatı ilə fontan vurub, 1940-cı ilə kimi istismarda olsa da, həmin il quyuda baş verən texniki qəza səbəbindən quyu ləğv edilib. 1936-cı ildən etibarən yataqda həm kəşfiyyat, həm də istismar quyularının qazılmasına başlanılıb. 1936-1941-ci illərdə qazılan quyular vasitəsilə yataqda sənaye əhəmiyyətli neft ehtiyatları kəşf olunub. “Zığ” yatağında maksimal illik hasilat bir neçə il davam edib, 1942-ci ilə kimi illik 355 min ton səviyyəsində saxlanılıb. Böyük Vətən Müharibəsi illərində quyuların əksəriyyəti bağlanıb. Yalnız 1947-ci ildən sonra yeni quyuların qazılmasına və köhnə quyuların bərpasına başlanılıb, nəticədə, 1951-ci ildə hasilat 351 min tona çatdırılıb.

01yanvar 2024-cü il tarixinə kimi yataqda 243 quyu qazılıb, istismar quyu fondundakı 14 neft quyusundan yalnız 3-ü fəaliyyətdədir. Karbohidrogenlərdə parafinlər və kükürd yoxdur, qətranlar 14-31%, asfalten isə 11.5% təşkil edir. İşlənmənin əvvəlindən yataqdan 6 milyon 387 min ton neft və 1 milyard 407 milyon m³ səmt qazı hasil olunub.

Hazırda yatağın işlənməsini “Absheron Operating Company Limited” Şirkəti həyata keçirir. “Absheron Operating Company Limited” Azərbaycan Respublikasında “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR, “Russneft Absheron Investments Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında 3 noyabr 2006-cı il tarixində imzalanmış Sazişə əsasən operator qismində fəaliyyət göstərir. Saziş 8 oktyabr 2007-ci il tarixində qüvvəyə minib.