Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən, 2016-cı ildən etibarən “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun “EP-300” qurğusunda modernizasiya işlərinə start verilib. Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı qurğularını dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla təmin etmək olub. 2021-ci ilin dekabr ayında modernizasiya və yenidənqurma layihələri uğurla başa çatıb.
“Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı “Azərikimya” İB-nin Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.
Layihə çərçivəsində, ümumilikdə zavodun müxtəlif xidmət sahələri üzrə (NÖC və A, elektriki, mexaniki, texnoloji və s.) qurğu və avadanlıqları mərhələli şəkildə istismara verilib ki, bunun da nəticəsində orta hesabla gündəlik xammalın emal həcmi 2500 tona qaldırılıb. Zavodda əsas məqsədli və digər məhsullar üzrə faktiki istehsal həcmi artıb. Gündəlik istehsal olunan əsas məqsədli məhsulların istehsalı - etilen üzrə 630, propilen üzrə isə 550 tona çatdırılıb.
Lahiyə üzrə yeni anbarlar, hidrogenin zənginləşdirilməsi qurğusu, propan-propilen fraksiyaları qurğuları, 4 ədəd yeni piroliz sobası, M-4 turbokompressoru, etan-etilen və propan-propilen fraksiyalarının selektiv hidrogenləşməsi reaktorları, metan-hidrogen fraksiyasının etilendən təmizlənməsi kalonu, soyuq blokda hidrogenin karbon monooksiddən təmizlənməsi və müxtəlif tipli (yüksək sürət, qapalı tipli və xüsusi tores sistemli) nasoslar işə qoşulub. Metrologiya üzrə DCS, ESD sistemləri və sahə cihazlarının funksional sinaqları yerinə yetirilib, 2020-ci ilin sentyabr-oktyabr aylarında əsaslı təmir zamanı modernizasiya və yenidənqurma layihəsi çərçivəsində inşa olunan qurğu və avadanlıqların bəziləri mövcud “EP-300” qurğusuna birləşdirilib və zavodun yüksək məhsuldarlıqla istismarına başlanılıb.
Hazırda Quru qaz fraksiyasının kükürdlü birləşmələr və mikro qarışıqlardan təmizlənməsi qurğusu istismara hazırlanır.
Məhsuldarlığı 15 ton/saat olan butilen-butadien (C4) fraksiyalarının hidrogenləşdirilməsi qurğusunun 2020-ci ilin proqnoz tapşırığına və istehsala uyğun olaraq məhsuldarlığının 25 ton/saata çatdırılması zərurəti yarandığından qurğuda ikinci reaktorun paralel işlədilməsi üçün texnoloji sxem quraşdırılıb. Qurğu işə qoşulduqdan sonra NEZ-dən qəbul edilən gündəlik 500 ton texniki butanın hidrogenləşməsindən təxminən 60 ton əlavə etilenin alınması nəzərdə tutulur. Eyni zamanda, NEZ-dən qəbul edilən texniki butanın köhnə C3 qurğusunda nəmlikdən təmizlənməsi layihəsi də işlənib, işə qoşulması üçün də hazırlıq işləri görülür.
Yaxın 20 il ərzində Etilen-Polietilen zavodunun istismar olunacağı nəzərə alınaraq, dövri su sistemində soyutmanın effektivliyinin artırılması üçün yeni Susoyutma qurğusunda 4 ədəd əlavə seksiyanın (qüllənin) tikintisi həyata keçirilib.
Əlavə olaraq, Yüksək Gərginlikli L-38 yarımstansiyasının Etilen istehsalatı ərazisinə köçürülməsi işləri tamamlanıb. Yeni yarımstansiyanın layihələndirilməsi və quraşdırılması ilə müasir rəqəmsal texnologiyaların tətbiq edilməsi, yeni nəsil avadanlıqlardan istifadə olunması, istehsalat sahələrinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Etilen-Politen zavodunun Etilen istehsalatında texnoloji problemlər yarandığı təqdirdə “SOCAR Polymer”ə hidrogen qazının fasiləsiz nəqli, həmçinin balonlarda zavoddaxili ehtiyatın yaradılması məqsədilə yeni “Hidrogen məhsulunun ehtiyat saxlanması anbarı”nın tikintisi başa çatıb və istismara hazırlanır.
SOCAR ilə Almaniyanın “Uniper” (EON) şirkəti tərəfindən yaradılan “SOCAR-Uniper” birgə müəssisəsi Etilen-polietilen zavodunda Buxar Generator Kompleksini təmilləşdirərək enerji effektivliyinin 32 Mvt.s-dən 68 Mvt.s-yə çatdırılması layihəsini tamamlayıb. Quraşdırılan turbogenerator “Azərikimya”nın Sumqayıt Elektrik Şəbəkəsindən aldığı elektrik enerjisi tələbatını tam ödəməklə yanaşı, istehsal olunacaq artıq elektrik enerjisini SOCAR-ın və Sumqayıt şəhərinin digər müəssisələrinə ötürməsinin həyata keçirilməsini nəzərdə tutur. Aparılan modernizasiya işləri nəticəsində zavodun propilen üzrə illik məhsuldarlığı 90-100 min tondan 187 min tona, etilen üzrə illik məhsuldarlığı isə 100-120 min tondan 192 min tona qaldırılıb.
İstehsal | Modenizasiyadan əvvəl | Hazırda |
---|---|---|
Propilen (min ton) | 90-100 | 187 |
Etilen (min ton) | 100-120 | 192 |
Aparılan modernizasiya və yenidənqurma işlərindən sonra “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri ümumilikdə 2 dəfə, bəzi məhsullar üzrə isə 3 dəfə artırılıb. Nəticə etibarilə “SOCAR Polymer” kompleksinin zavodları lazımi miqdarda etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla dayanıqlı rejimdə təmin edilir.