Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası


Ölkəmizin yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 1953-cü ildə yaradılıb. 2004-cü ildə NEZ-in 50 illik yubileyi münasibətilə ümummilli lider Heydər Əliyevin adını daşımağa başlayıb.

NEZ benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu, mazut və digər neft məhsulları istehsal edərək daxili bazarın tələbatının əsas hissəsini ödəyir. Zavodun istehsal etdiyi məhsulun 45%-i xarici bazarlara satılır.

Daxili və xarici bazarın artan tələbatı ilə əlaqədar NEZ-in istehsal gücünün artırılması, bazarın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin xammala olan tələbatının ödənilməsi, eləcə də neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə zavodun yenidən qurulması və modernizasiyası layihəsi həyata keçirilir. Layihənin həyata keçirilməsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona, əsas qurğulardan olan katalitik krekinq qurğusunun istehsal gücü isə ildə 2 milyon tondan 2,5 milyon tona qədər artırılacaq.

Mərhələli şəkildə həyata keçirilən layihə yeni qurğuların quraşdırılmasını, bəzi qurğuların rekonstruksiya olunmasını, eləcə də mühəndis kommunikasiya qurğularının modenizasiyasını özündə cəmləşdirir. Birinci mərhələdə yeni Bitum qurğusu inşa olunub, “PEN 40-60” markalı yüksək keyfiyyətli bitumun illik istehsal imkanları 250 min tondan 400 min tona qaldırılıb və ölkədaxili tələbat tam təmin olunmağa başlanıb. Qeyd edək ki, bitum binaların tikilməsi, yolların və boruların salınması, asfalt, boya, lak və kabel istehsalında istifadə olunur.

Birinci mərhələnin başa çatdırılması ilə NEZ “Azərkimya” İB-nin Buxar krekinq qurğusunu ilkin xammalla təchiz etmək imkanı qazanıb ki, bu da SOCAR-ın polimer zavodlarında etilen və propilenin polimerləri istehsalının səmərəliliyini yüksəldib. Birinci mərhələ çərçivəsində, həm də 7 avtoçən və 5 çəndən ibarət yeni maye-qaz (LPG) doldurma məntəqəsi istismara buraxılıb. Bu çənlər vaqon vasitəsilə il ərzində “Azərkimya” üçün xammal sayılan 180 min ton propan-propilen, 100 min ton maye qaz və boru vasitəsilə 178 min ton butan-butilen fraksiyasının daşınmasını (dəmir yolu ilə də) mümkün edir.

Modernizasiya və yenidənqurma layihəsinin növbəti mərhələsi dizel və benzin yanacağının “AVRO-5” standartına uyğun istehsalını nəzərdə tutur. Hər iki yanacağının keyfiyyət və məhsuldarlığının artırılması məqsədilə yeni qurğular quraşdırılır. Ümumilikdə, 19 yeni qurğu (Hidrogenin zənginləşdirilməsi, Dizel hidrotəmizlənmə, Hidrogen istehsalı, İzomerləşmə, Nafta ayırıcı, Deminerallaşdırılmış su və kondensatın alınması, Qazan suyu və buxar istehsalı, Kükürdün istehsalı, Turş suların təmizlənməsi, C4 hidrogenləşmə, Metil-tert-butil efirinin (MTBE) istehsalı, Çirkab suların təmizlənməsi, Azot istehsalı, Katalitik krekinq benzininin hidrotəmizlənməsi, Aminin regenerasiyası, Maye qazın ilkin təmizlənməsi, Maye qazın qələvi məhlulu ilə təmizlənməsi qurğuları, Maye qazlar parkı və Soyutma suyu qülləsi) inşa edilib, istismara veriləcək.


Layihənin inkişafında hazırkı mərhələ başa çatdıqdan sonra NEZ-də 22 əsas texnoloji qurğu fəaliyyət göstərəcək. Ümumzavod təsərrüfatı və infrastrukturun yarısından çoxu (70%) tam modernizasiya olunacaq. Bundan əlavə, çirkab suların təmizlənməsi sahəsi və yeni məşəl sisteminin tikilməsi nəticəsində ətraf mühitə mənfi təsirlər azalacaq. Yeni laboratoriya, elektrik yarımstansiyaları, boru kəmərləri, kabel xətləri və çənlər parkının inşa edilib istismara verilməsi nəzərdə tutulur.

Sözügedən layihənin tam həyata keçirilməsi Azərbaycanın növbəti 15-20 il ərzində yanacağa olan tələbatını ödəməyə və ölkənin ixrac potensialının artırılmasına imkan verəcək. Layihənin tamamlanması ilə NEZ-in istismar xərcləri optimallaşdırılacaq. Ətraf mühitlə bağlı bir sıra müsbət məqamlar da gözlənilir. Belə ki, “AVRO-5” standartına keçdikdən sonra avto nəqliyyatlardan çıxan emissiyalar, eləcə də istixana qazlarının emissiyaları əhəmiyyətli dərəcədə azalacaq.