Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Ödənişsiz İstehsalat Təcrübəsi Proqramı


Şirkətin fəaliyyətinin uzunmüddətli effektivliyini təmin etmək məqsədilə, peşəkar kadrların cəlb olunması vacib amillərdən biridir. Xüsusilə “Neft-qaz mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya mühəndisliyi”, Geologiya və geofizika, Energetika, Həyat fəaliyyətinin təhlükəsizliyi, Proseslərin avtomatlaşdırılması, Elektrik və elektronika mühəndisliyi və s. ixtisasları üzrə mütəxəssislərin yetişdirilməsi SOCAR-ın birbaşa marağındadır və ölkə üzrə ali təhsil müəssisələrində bu ixtisaslar üzrə kadr hazırlığının inkişafına dəstəyi genişləndirməyi hədəfləyir. Tələbələrin tədris proqramlarının bir hissəsi kimi istehsalat proseslərinə cəlb edilməsi, real iş mühiti ilə tanışlığı, bununla da nəzəri biliklərinin təcrübədə tətbiq edilməsi və neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalar, iş üsulları və digər məsələlərlə tanış edilməsi baxımından SOCAR geniş imkanlara malikdir.

Ödənişsiz istehsalat təcrübəsi proqramı (ÖİTP) hər il SOCAR-ın müəyyən etdiyi prioritet ixtisaslar üzrə təhsil alan tələbələr üçün, şirkətin müəssisə və təşkilatlarının maddi-texniki resursları nəzərə alınaraq, əvvəlcədən müəyyən edilmiş illik kvota çərçivəsində təşkil edilir. Bu proqrama fərdi şəkildə və ya təhsil müəssisələri tərəfindən müraciətlər qəbul olunur. Fərdi qaydada bu proqrama ilboyu müraciət etmək mümkündür və təcrübənin müddəti 2 (iki) ay nəzərdə tutulmuşdur, lakin bundan daha az müddətə təcrübənizin təşkili mümkündür, bu barədə müraciətinizdə qeyd etməyiniz kifayətdir.

Proqrama qəbul üzrə meyarlar:

  • AR vətəndaşı olmalı;
  • Təcrübə keçirilən dövrdə digər işəgötürənlə əmək münasibətlərində olmamalıdır;
  • Siyahıya daxil olan ixtisaslar üzrə təhsil almalıdır;
  • AR-da və xarici ölkələrdə fəaliyyət göstərən ATM-lərdən birində təhsil almalıdır;
  • ATM-lərin bakalavr pilləsi üzrə 3 və 4-cü kurslarında və ya magistratura pilləsində təhsil almalıdır;
  • Təhsil müəssisəsinin təqdim etdiyi transkriptə əsasən CumGPA 2.5-dən yuxarı, digər qiymətləndirmə sistemində isə 70%-dən yüksək olmalıdır və həmçinin əsas ixtisas fənnləri üzrə qiymətləri “kafi” olmamalıdır;
  • Tələbənin təcrübə keçmək istədiyi vaxt dərs saatları ilə üst-üstə düşməməlidir.

Təcrübə keçmək istəyən tələbə SOCAR-a (şirkət rəhbərliyinin ünvanına) yazılı müraciət edir. Müraciətin formatı və məzmunu ilə əlaqədar xüsusi tələblər yoxdur, kağız daşıyıcıda, elektron poçt və ya şirkətin korporativ veb-səhifəsinin "Əlaqə" bölməsi vasitəsilə də müraciət edə bilərsiniz. SOCAR-da istehsalat təcrübəsi keçmə barədə müraciətinizə baxılması məqsədilə, aşağıdakı sənədləri sorğunuza əlavə etməyiniz tələb olunur:

  • Rəsmi transkript (təhsil müəssisəsi tərəfindən tələbəyə təqdim edilmiş ixtisas fənləri üzrə tədris qiymətlərini (nəticələrini) özündə əks etdirən rəsmi sənəd);
  • CV;
  • Vətəndaşlığı təsdiq edən sənədin surəti.

Təcrübənin sonunda sorğunuza əsasında sizə İstehsalat xasiyyətnaməsi təqdim edilə bilər.

Əlaqə məlumatları:

Proqrama müraciət üçün: info@socar.az
Elektron müraciət üçün: https://socar.az/az/contact-us/general
Ətraflı məlumat və suallar üçün: hr@socar.az