Tez-tez soruşulan suallar
SOCAR-ın təhsil təqaüdü barədə necə məlumat əldə edə bilərəm?
Hazırda SOCAR-ın istehsalat profili üzrə prioritet hesab etdiyi ixtisaslar (hər il yenilənir və korporativ veb səhifədə yerləşdirilir) üzrə təhsilin maliyyələşdirilməsi üçün şirkətin 2 proqramı mövcuddur: Daxili Təqaüd Proqramı və Xarici Təqaüd Proqramı.
- Daxili Təqaüd Proqramı - Ölkə daxilində faəliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub.
- Xarici Təqaüd Proqramı – SOCAR əməkdaşlarının dünyanın qabaqcıl ali təhsil müəssisələrində təhsilini təşkil etmək məqsədi ilə təsis edilib.
Tələbəyəm, SOCAR-da təcrübə keçmək üçün nə etməliyəm?
Hazırda şirkətin bu istiqamətdə 2 proqramı mövcuddur: Ödənişli istehsalat təcrübəsi və Ödənişsiz istehsalat təcrübəsi.
Ödənişsiz istehsalat təcrübəsi proqramı hər il SOCAR-ın müəyyən etdiyi prioritet ixtisaslar üzrə təhsil alan tələbələr üçün müsabiqə əsasında təşkil edilir. Bu proqrama fərdi şəkildə və ya təhsil müəssisələri tərəfindən müraciətlər qəbul olunur. Fərdi qaydada bu proqrama ilboyu müraciət etmək mümkündür və təcrübənin müddəti 2 (iki) aydır. Təcrübə keçmək istəyən tələbə SOCAR-a yazılı müraciət edir. Müraciət daxil olduqdan sonra namizədin elektron ünvanına müraciətin qeydə alınması barədə rəsmi bildiriş göndərilir və müraciətçidən müəyyən olunmuş vaxtadək aşağıdakı sənədlər tələb olunur:
- Rəsmi transkript (təhsil müəssisəsi tərəfindən tələbəyə təqdim edilmiş ixtisas fənləri üzrə tədris qiymətlərini (nəticələrini) özündə əks etdirən rəsmi sənəd);
- CV arayış forması;
- Vətəndaşlığı təsdiq edən sənədin surəti.
Daxili Təqaüd Proqramı barədə necə məlumat əldə edə bilərəm?
Ölkə daxilində faəliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş Daxili Təqaüd Proqramına seçimlər müsabiqə əsasında həyata keçirilir. Proqram haqqında, müsabiqədə iştirakla əlaqədar müraciət, şərtlər və qaydalar barədə buradan ətraflı məlumat əldə edə bilərsiniz.
SOCAR-ın Ödənişsiz istehsalat təcrübəsi proqramına seçim şərtləri nələrdir?
Mövcud qaydalara əsasən, Ödənişsiz istehsalat təcrübəsi proqramı üzrə namizədlər aşağıda göstərilmiş tələblərə cavab verməlidir:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Təcrübə keçirilən dövrdə digər işəgötürənlə əmək münasibətlərində olmamalı;
- Siyahıya daxil olan ixtisaslar üzrə təhsil almalı;
- Azərbaycan Respublikasında və xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən birində təhsil almalı;
- Ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə 3-cü və 4-cü kurslarda və ya magistratura pilləsində təhsil almalı;
- Ali təhsil müəssisəsinin təqdim etdiyi transkriptə əsasən “CumGPA” 2.5-dən yuxarı, digər qiymətləndirmə sistemində isə 70%-dən yüksək olmalı və həmçinin əsas ixtisas fənnləri üzrə qiymətləri “kafi” olmamalı;
- Tələbənin təcrübə keçmək istədiyi vaxt dərs saatları ilə üst-üstə düşməməlidir.
Təlim Mərkəzlərinə müraciət üçün hansı sənədlər tələb olunur?
Müraciət elektron formadadır. Müraciət təsdiqləndikdən sonra müəyyən olunmuş tarixdə müsahibələrə gələrkən şəxsiyyət vəsiqəsi, məcburi köçkün və ya qaçqınlıq haqqında sənəd, hərbi bilet, sağlamlıq haqqında arayış (forma 86), attestat (orta-texniki və ilk-peşə təhsilli olanlar diplom) və rentgen flüoroqrafiyası təqdim edilməlidir.
Təlim Mərkəzinə sənəd qəbulu müsabiqəsində kimlər iştirak edə bilər?
Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı tələblərə cavab verməlidir:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Müvafiq dövr üzrə tədris başlayanadək 29 yaşı tamam olmamalı;
- Minimum tam orta təhsili olmalıdır (ali təhsilli gənclərin müraciəti qəbul edilmir).
SOCAR-da işə qəbul olmaq üçün nə etməliyəm?
SOCAR-ın www.socar.az korporativ veb-saytının “Karyera” bölməsinin “SOCAR-da iş imkanları” bölümünün “Vakansiyalar” hissəsini mütəmadi olaraq izləyə, ixtisas və iş təcrübənizə uyğun vakansiyalar olduqda, vakansiyanın tələbləri ilə tanış olduqdan sonra, “Müraciət et” düyməsi vasitəsilə müraciət edərək, işə qəbul müsabiqəsində iştirak edə bilərsiniz. İşə qəbul qaydaları haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Eyni vaxtda bir neçə vakansiya üzrə müraciət edə bilərəmmi?
SOCAR-ın “Karyera” bölməsindən ixtisas və iş təcrübənizə uyğun olan aktiv vakansiyalardan eyni anda yalnız birinə müraciət edə bilərsiniz. Aktiv müraciətiniz olduğu halda digər vakansiyaya müraciət etmək istədikdə, müraciətinizi geri çəkmək tələb olunur.
SOCAR-a işə qəbul ilə bağlı ərizə ilə müraciət etmişəm, cavabını necə öyrənmək olar?
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, sizin müraciətiniz, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində baxılıb cavablandırılacaq.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərində peşə təhsili alaraq məzun olmuşam, nə zaman iş təklif olunacaq?
SOCAR-da kadr tələbatına uyğun olaraq, peşənizə uyğun vakansiya yarandığı təqdirdə namizədliyinizə baxılacaqdır.
Əvvəllər SOCAR-da işləmişəm, yenidən SOCAR-a işə bərpa olunmaq üçün nə etməliyəm?
SOCAR-da əmək münasibətlərinizə xitam verilibsə, şirkətdə yenidən işlə təmin olunmaq üçün “Vakansiyalar” bölməsini mütəmadi izləyərək, ixtisas və iş təcrübənizə uyğun vakansiyalar elanda olduqda, elektron müraciət formasını doldurmaqla müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, əmək münasibətlərinizə xitam verilən zaman şirkətlə razılaşma protokoluna əsasən sizə müvafiq kompensasiya ödənilibsə, SOCAR namizədliyinizə baxmamaq hüququnu özündə saxlayır.
Müsabiqədə iştirak etmədiyim təqdirdə SOCAR-dan iş təklifi gəlib. Bu nə ilə əlaqədardır?
Siz saxta iş təklifi almış ola bilərsiniz. SOCAR-a işə qəbul ilə əlaqədar dələduzluq halları ilə bağlı buradan ətraflı məlumat ala bilərsiniz.
İştirak etdiyim vakansiya üzrə müsabiqə nəticələrinə görə SOCAR-ın Kadr Ehtiyat Bazasına daxil edilmişəm. Kadr Ehtiyat Bazasına daxil edilmək nə deməkdir?
SOCAR-da mövcud işə qəbul qaydalarına əsasən müsabiqədə işə qəbul olunması tövsiyə olunmuş namizəd(lər)ə nisbətən qiymətləndirilmədə daha az bal toplamış, lakin müvafiq keçid balını toplamaqla müsbət rəy almış namizəd(lər) SOCAR-ın Kadr Ehtiyat Bazasına daxil edilir. Şirkət üzrə 1 (bir) il müddətində eyni adlı və eyni şərtli vakansiya yaranarsa, həmin namizədlərə müsabiqədənkənar iş təklif oluna bilər. 1 (bir) il müddətində müvafiq vakansiya yaranmadığı təqdirdə vətəndaşın namizədliyi onun e-poçt ünvanına və mobil telefon nömrəsinə (SMS) bildirişlər göndərilməklə Kadr Ehtiyat Bazasından çıxarılır.
Bir vakansiya üzrə müsahibədə və ya peşə sınaq imtahanında iştirak edib uğursuz nəticə göstərdiyim halda yenidən həmin vakansiya üzrə müraciət edə bilərəmmi?
SOCAR-da mövcud işə qəbul qaydalarına əsasən, namizədin yenidən eyni adlı (növlü, şərtli), eyni və ya daha yuxarı dərəcəli vakansiyalara müraciət hüququ yalnız uğursuz müsahibə və ya peşə sınağı tarixindən 3 (üç) ay keçdikdən sonra yaranır.
Müsabiqə nəticələri ilə razı deyiləm. Nəticəmə yenidən baxılması üçün necə müraciət edə bilərəm?
Müsabiqənin hər hansı mərhələsi barədə sualınız/narazılığınız yaranarsa, müsabiqənin başa çatdığı tarixdən etibarən 1 (bir) ay müddətində SOCAR-ın İnsan Resursları Departamentinin rəisinin adına ərizə yazmaqla müraciət edə bilərsiniz. SOCAR-da mövcud işə qəbul qaydalarına əsasən müsabiqə nəticələriniz araşdırılacaq və bu barədə sizə rəsmi məlumat veriləcək.
İmtahana dəvət olunmuşdum. Lakin müəyyən səbəblərdən iştirak edə bilmədim. Başqa vaxtda yenidən imtahan vermək mümkündür?
Təşkilati baxımdan test imtahanının, peşə sınaq imtahanının və ya müsahibənin başqa vaxta keçirilməsi mümkün deyil. Həmçinin, imtahanda iştirak etmədiyiniz təqdirdə həmin vakansiya üzrə namizədliyiniz ləğv olunur. Yenidən başqa vakansiya üzrə müsabiqədə eyni prosedur qaydalarla iştirak edə bilərsiniz.
İşə qəbulla bağlı Test/Peşə Sınaq İmtahanı/Müsahibələrin keçirilmə ünvanı, tarixi və vaxtı haqqında məlumatı hardan əldə edə bilərəm?
İşə qəbul müsabiqəsinin mərhələləri (Test, Peşə sınaq imtahanı, Müsahibə) haqqında məlumat namizədin e-poçt ünvanına və mobil telefonuna (sms) müvafiq bildirişlər şəklində imtahan vaxtından ən gec 3 (üç) gün əvvəl göndərilir.
Müraciət etdiyim vakansiya üzrə test imtahanından keçmişəm. Növbəti mərhələyə nə vaxt çağrılacağam?
İşə qəbul müsabiqəsinin növbəti mərhələsi olan fərdi müsahibə (peşə sınaq imtahanı) müvafiq vakansiya üzrə test imtahanı nəticələrinin məlum olması tarixindən sonrakı 15 (on beş) iş günü ərzində təşkil edilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, istehsalat zərurəti ilə əlaqədar olaraq göstərilən müddət uzadıla bilər.
Müraciət etdiyim vakansiya üzrə iş təcrübəm olmadığı üçün sənədlərimin uyğun olmadığı cavabını almışam. Nə edim?
Vakansiyaya müraciət etməzdən əvvəl həmin vakansiyanın təsvir forması ilə ətraflı tanış olmanız və iş təcrübəsi tələb olunmayan vakansiyalara müraciət etməyiniz tövsiyə olunur.
Vakansiyaya müraciət edərkən elektron müraciət formasında e-poçt ünvanımı və ya hər hansı başqa məlumatı səhv qeyd etmişəm. Necə düzəliş edə bilərəm?
Müraciət formasında hər hansı məlumatı səhv qeyd etmisinizsə, bununla bağlı vakansiya elanı müddətində hr@socar.az e-poçt ünvanına yazmaqla məlumat verə bilərsiniz.
Elektron müraciət formasını doldurarkən texniki problemlərlə üzləşirəm. Nə etməliyəm?
Elektron müraciət formasının doldurulması qaydaları ilə buradan tanış ola bilərsiniz. Müraciət formasını doldurarkən “Google Chrome” və ya “Mozilla Firefox” veb-brauzerlərinin son versiyalarından istifadə etmək məsləhət görülür. Müraciət forması 30 dəqiqə ərzində doldurularaq təsdiqlənmədiyi halda sistem müraciət formasını yadda saxlamadan avtomatik bağlaya bilər. Yuxarıda qeyd olunanları yerinə yetirdiyinizə baxmayaraq, yenə də texniki problem yaranırsa, hr@socar.az e-poçt ünvanına yazmaqla məlumat verə bilərsiniz.
SOCAR-da işə qəbul olmaq üçün vakansiya elan edilmədiyi halda CV-mi (ərizə, anket və s.) necə göndərə bilərəm?
SOCAR-da işə qəbul yalnız burada elan olunan vakansiyalar üzrə elektron müraciət formasını doldurmaqla həyata keçirilir. İşə qəbul üçün elektron poçt (e-poçt), faks, teleqram, telefonoqram və digər vasitələrlə edilən müraciətlər və yazılı ərizələr müsabiqədə iştirak üçün əsas götürülmür.
Xarici vətəndaşlar SOCAR-da işə qəbul üçün müraciət edə bilər mi?
Əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun tənzimlənir. Həmin Məcəlləyə əsasən iş yerinin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi və məşğulluq xidməti orqanları tərəfindən işçi qüvvəsinə olan ehtiyaclar yerli əmək ehtiyatları hesabına təmin edilmədiyi hallarda əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları mümkündür.
Müraciətimin təsdiq edildiyini necə öyrənə bilərəm?
Vakansiya üzrə müraciətinizi etdikdən sonra müraciətin qəbul edildiyini təsdiqləyən e-poçt məktubu almalısınız. Bu mesajı almağınız 48 saat çəkə bilər. 48 saatdan sonra hələ də e-poçt təsdiqini almamısınızsa, lazımsız e-poçt və ya spam e-poçt qovluğunu yoxlaya bilərsiniz.
Həmçinin müraciət prosesi üçün istifadə etdiyiniz e-poçt ünvanının düzgün olduğunu yoxlamağınız xahiş olunur. Əgər hələ də problem yaşayırsınızsa, hr@socar.az ünvanına e-poçt göndərin.
Vakansiya üzrə müsahibədən keçməmişəm. Müsahibədə kimlərin uğur qazandıqları barədə məlumat ala bilərəm?
Müsabiqə mərhələsinin nəticələri barədə məlumatlar konfidensial xarakter daşıyır və yalnız namizədin şəxsən özünə təqdim edilə bilər.